Menu

RAMİZ RZAYEVİN OĞLUNUN ADI KREDİT QALMAQALINDA - "Hacıyevlə ortaq olub..."

03.09.2015, 12:44
RAMİZ RZAYEVİN OĞLUNUN ADI KREDİT QALMAQALINDA - "Hacıyevlə ortaq olub..."

Azərbaycan Beynəlxalq Bankın (ABB) sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı mətbuatda vaxtaşırı xəbərlər yayılır. Adı dövlətin 6 milyard manat (bəzi mənbələr bu məbləğin 10 milyard olduğunu iddia edir-red.) vəsaitini yeyib dağıtmaqda hallanan sabiq ABB rəhbəri neçə illərdir medianın diqqətindədir. “Yeni Müsavat”ın məlumatına görə, C.Hacıyev "qara əməliyyatları" əsasən Beynəlxalq Bankın Moskva və Lüksemburq filialları vasitəsi ilə həyata keçirib. ABB Rusiyada ən müxtəlif layihələrə küllü miqdarda vəsait yatırdıb. Qəzətə məlumat verən mənbənin iddiasına görə, Beynəlxalq Bank çirkli pulların yuyulması ilə də məşğul olub. C.Hacıyev bank vasitəsi ilə çirkli pulları depozit və kredit kimi rəsmiləşdirir və bundan sonra leqal pul kimi Avropadakı bank hesablarına köçürüb. Bu pulların əsasən İran və Yaxın Şərq ölkələrindən gətirildiyi bildirilib. Onun, xarici ölkələrdə yaratdığı şirkətlər vasitəsi ilə çirkli pulların yuyulması əməliyyatlarının isə ABŞ, Avropa və İsrailin xüsusi orqanlarının diqqətini cəlb etdiyi də iddaa edilib.

Bu əməliyyatları bankın Moskva filialı vasitəsi ilə gerçəkləşdirdiyi də verilən məlumatlar sırasındadır. Məsələn, bu sahədə C.Hacıyevin Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen ilə sıx “işgüzar” əlaqələri olub.

Yazıda adı ABB-nin çirkli pulları yuyulduğu, qaranlıq əməliyyatların aparıldığı ünvanlardan biri də kimi qeyd edilən Lüksemburq filialı bağlı da maraqlı məlumatlar yer alıb. Bildirilib ki, bu filialın müdiri Ali Məhkəmənin sədri Ramiz Rzayevin oğludur: "Qeyd edək ki, Lüksemburq ofşor zonadır. Bütün ofşor hesablar da bu filialdadır.Ofşor bölgələrdə yerləşən banklar vergi ödəmir, bu da onlara maksimal faiz dərəcəsi ilə depozit cəlb etmək imkanı verir. Ofşor bank depozitorun rezidenti olduğu ölkədən kənarda yerləşməklə bir sıra vergi və hüquqi üstünlüklərə malik olur. Buraya etibarlı bank sirri, aşağı səviyyəli və ya ümumiyyətlə olmayan vergiqoyma, depozitlərin çox asan qəbulu, yerli siyasi və maliyyə dayanıqsızlığına qarşı müdafiə daxildir. Vergidən yayınma və çirkli pulların yuyulması ilə əlaqədar ofşor bankçılıq bəzən “kölgə iqtisadiyyatı” və mütəşəkkil cinayətkarlıqla əlaqələndirilir" deyə məqalədə bildirilir.

Beləliklə, kredit qamaqalına daha bir rəhbər vəzifəli şəxsin - Ali Məhkəmənin sədrinin oğlunun da adı qarışdırılmış oldu. Hər halda məqaldən belə anlaşılır ki, C.Hacıyev Lüksemburq filialı vaistəsilə hər hansı qanunsuz əməliyyat hayata keçiribsə, ən azı Ramiz Rzayevin oğlunun da  bundan xəbəri olub.

Məqalə ictimailəşdikdən sonra Ramiz Rzayevin oğlu Cahangir Rzayev "Yeni Müsavat" qəzetinə təkzib məktubu yollayıb. Həmin məktubda bildirilir: “Haqqımda “Yeni Müsavat” qəzetinin 3 sentyabr, 2015-ci il tarixli sayında dərc edilmiş qərəzli və böhtan xarakterli məqaləyə cavab olaraq bildirirəm ki, Azərbaycan Beynəlxalq Bankının Lüksemburqda filialı heç vaxt olmayıb və yoxdur. Yalnız 21 yanvar 2008-ci il tarixində ABB-nin Lüksemburqda nümayəndəliyi yaranıb və nə bank, nə də ki maliyyə xidməti göstərməyib. Bank və maliyyə xidmətlərinin göstərilməsi üçün Azərbaycan Beynəlxal Bankının Lüksemburq nümayəndəliyinin lisenziyası olmayıb və bu cür bank lisenziyasını əldə etmək üçün Lüksemburq Maliyyə Nazirliyinə ABB tərəfindən heç bir zaman müraciət olunmayıb.

Nəzərinizə çatdırıram ki, Lüksemburq Böyük Hersoqluğunun qanunvericiliyinə görə, bank və maliyyə xidmətləri göstərmək üçün istənilən bir maliyyə institutu üçün bank lisenziyasının alınması ilkin şərtdir. Bank lisenziyası olmadan maliyyə və bank xidmətləri göstərmək Lüksemburq qanunvericiliyinə görə cinayət hesab olunur. Azərbaycan Beynəlxalq Bankının Lüksemburq Böyük Hersoqluğunda nə törəmə bank, nə filial, nə də ki başqa cür bank və maliyyə xidmətləri göstərə bilən bir qurumu olmayıb. ABB Lüksemburq nümayəndəliyi yalnız ABB haqqında məlumat və informasiya verməsi ilə məşğul olub, Lüksemburq maliyyə və biznes qurumları üçün əlaqələndirici qurum kimi fəaliyyət göstərib”.

Belədə bir sual açıq qalır: Beynəlxalq Bankın heç bir maliyyə xidməti göstərmədiyi halda Avropanın ən kiçik ölkələrindən biri olan Lüksemburqda sadəcə məlumat və informasiya verməkdən ötrü  nümayəndəlik yaratmasına ehtiyac vardımı? Və niyə bu nümayəndəlik məhz  ofşor zonada yaradılıb? Hər halda Cahangir Haciyev bu suallara da aydınlıq gətirməlidir.

Rasim

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol