Suriyadan gələn mühacirlərin arasında İŞİD terror qruplaşmasının döyüşçülərinin də Almaniyaya yol tapması istisna olunmur. "AzPolitika.info"nun “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Herxard Şindler “Bild” tabloidinə müsahibəsində bildirib.
“Yaxın Şərqdən və Afrikadan gələn qaçqınlar arasında terrorçuların da olması barədə konkret sübutlarımız yoxdur. Amma hər halda, terrorçuların mövcud qaçaqmalçılıq strukturlarını istifadə etməsini tamamilə istisna etmək olmaz. Lakin terrorçuların Avropaya gəlmək üçün qayıqlarda qaçmaq kimi riskli yollara əl atması inandırıcı görünmür. Ya saxta, ya da oğurluq sənədlərlə təyyarədə gəlmək daha asandır”, - deyə H.Şindler vurğulayıb.
Şindler əlavə edib ki, vəziyyət tələb etdikdə, qaçaqmalçılar da saxta sənədlərlə işləyirlər.
Onun sözlərinə görə, hələ ki, İŞİD-in tərkibində döyüşən və sonradan geri qayıdan ölkə vətəndaşları Almaniyada əsas təhlükə mənbəyi olaraq görülür.
“Təəssüf ki, Suriya və İraqda İŞİD və digər terror qruplaşmalarının tərkibində həddən çox AFR vətəndaşı döyüşür. Döyüş zonalarından qayıdan şəxsləri nəzərdə saxlayırıq, onların əlaqələrini izləyərək törətdikləri cinayətlər barədə sübutlar toplamağa çalışırıq”, - deyə BND rəhbəri əlavə edib.


Şərhlər