Lavrov gələcəkmiş, bizləri sevindirəcəkmiş...

Nurəddin İSMAYIL

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin nəticələri ölkə mətbuatının əsas müzakirə mövzularından biri olaraq gündəmdə qalmaqdadır. Səfərin reallaşmasını şərtləndirən səbəblərlə bağlı çeşidli versiyalar səslənirdi. Çoxları güman edirdi ki, rus diplomatı, qalaları erməniyə işğal etdirilmiş Qarabağın qala qapılarının açarını özü ilə gətirib və Rusiyaya edəcəyimiz təslimçi güzəştlər müqabilində açarı bizə təhvil verəcək. Amma görüşün DQ probleminə aid nəticələri və Lavrovun həmişə olduğu kimi bu dəfə də dolayı yolla problemin açarının Azərbaycan və Ermənistan prezidentlərinin əlində olması ilə bağlı verdiyi hiyləgər mesajlar başqa mətləblərdən xəbər verdi.

Bu səfərdə Dağlıq Qarabağ münaqişəsinin çözümü ilə bağlı Lavrovun ciddi addımlar atacağı barədə tələsik rəy verən, daha doğrusu belə olmasını sadəlövhcəsinə düşünən təhlilçilərimiz, siyasi ekspertlərimiz artıq öz proqnozlarında yanıldıqlarının fərqindədir. Hə, sən demə, Lavrov gələcəkmiş, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu və bu baxımdan da beynəlxalq hüququn dövlətlərin ərazi bütövlüyü prinsipinin xalqların öz müqəddəratını təyin etmə prinsipindən öndə durduğunu etiraf edib, bizləri sevindirəcəkmiş.

Üzü dəli Pyotrdan bəri strateji hədəfləri türk dünyasının güc mərkəzi olan İstanbulda bayraqlarını dalğalandırmaq, müsəlman ölkələrini öz dominantlığına qatmaq olan Rusiya günün biri türk və müsəlman qövminə qarşı saldırdığı ermənini sahibsiz buraxıb da siyasi qəsdinə durduğu Azərbaycanın müdafiəsinə qalxacaqmış. Görünən odur ki, belə düşünənlər, Rusiyanın Dağlıq Qarabağ və bütövlükdə Cənubi Qafqazla bağlı siyasətinin dəyişməz olduğunu unudanlardır.

Rusiya vaxtı ilə ərazisinə qatdığı ölkələrdə bu cür münaqişə ocaqlarını ona görə yaratmayıb ki, əsas məqsədinə çatmamış, gəlib körüklədiyi ocağın üstünə su töksün. Rus diplomatının, Kremlin Qarabağ probleminin həllinə dair şirnişdirici təkliflərini ölkə rəhbərliyinə çatdırması heç kəsdə şübhə doğurmur. Lakin o məsələ də hər kəsə gün kimi aydındır ki, səfərin əsas məqsədi heç də Qarabağ probleminin həllinə deyil, Rusiyanın Cənubi Qafqazda itməkdə olan nüfuzunun yenidən bərpasına xidmət edirdi və Lavrov da bu missiyanı yerinə yetirməyə gəlmişdi.

Əvvəldən də qeyd etdiyimiz kimi, son vaxtlar İranın Avropa dövlətləri ilə nüvə proqramı üzrə razılaşmalardan sonra regionda həlledici fiqura çevrilməsi, NATO baş katibinin Gürcüstanda hərbi təlim mərkəzinin açılışı zamanı alyansın Cənibi Qafqaza doğru genişlənməsinin zəruriliyi ilə bağlı səsləndirdiyi bəyanatlar, Türkiyə, Azərbaycan və Türkmənistan arasında bir sıra regional layihələr, o cümlədən Türkmənistan və Azərbaycan qazının Avropaya nəqli üzrə əldə edilən Antalya sövdələşmələri, Azərbaycan hakimiyyətinin Rusiyanın patronajlığı ilə yaradılan iqtisadi, siyasi birliklərdən daha çox, adı çəkilən ölkə ilə ikitərəfli əməkdaşlığa üstünlük verməsi Lavrovun Azərbaycana qaçaraq səfərini şərtləndirən səbəblərdir.

Kim ki, sadəlöhvcəsinə Rusiyanın asanlıqla Azərbaycanla bağlı məkrli planlarından geri durub, qansız-qadasız Dağlıq Qarabağ problemini həll edəcəyinə inanırsa, əlbəttə, yanılır. Qarabağ probleminin həlli Rusiya siyasətinin prioritelərinə təkcə ona görə daxil deyil ki, o özü bu problemi yaradıb və məqsədlərinə çatana qədər status-kvonun saxlanmasının tərəfdarı kimi çıxış edəcək.

Dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn imperativ normasıdır və bütün dövlətlər bu prinsipin qorunmasına borcludur. Nədən üzdə özünü ölkəmizə dost elan edən Rusiya qondarma Dağlıq Qarabağ rejiminin bu və ya digər formada müdafiəsinə qalxdığı halda Qarabağla bağlı müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyini dilə gətirmir?

Nədən Rusiya öz ərazilərinə zorla qatdığı xalqların öz müqəddəratını təyin etmək üçün başlatdığı mübarizəni Rusiyanın ərazi bütövlüyünün pozulması kimi dəyərləndirib onları genosidə uğratdığı halda bir dəfə müqəddəratını təyin etmiş ermənilərə Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa susqunluq göstərir. Üstümüzə hürdürdüyü it xislətli düşmən dövlətin arxasında durduğuna görədir ki, Qarabağ probleminin həllində özü maraqlı görünmədiyi kimi, başqa dövlətlərin də səylərinin qarşısını almağa çalışır.

Demək, nə Lavrovun qaçaraq gəlişi, nə təmsil etdiyi dövlətin geopolitik dəyişilmələrə uyğun etdiyi cari siyasi gedişlər, nə də Rusiyanın əlində tutduğu Qarabağ açarını zinqıldadıb “dovşana qaç, tülküyə tut” kimi rəzil siyasəti Qarabağ məsələsində millətimizin, dövlətimizn başının altına yastıq qoymamalı və biz Qarabağ probleminin daha optimal həlli yolları haqda düşünməliyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar