Menu

Zindandakı çempion

09.09.2015, 15:55
Zindandakı çempion

Yəqin ki, bəzi oxucular Azad Məmmədov adını çəkdiyimdə dərhal tanımayacaq. Çünki bu şəxs çoxdandır ki, mətbuata görünmür: Azad 6 ildən artıqdır azadlıqdan məhrumdur.

Azərbaycan üçün keçid dövrü sayılan, idmançıların indiki kimi yüksək şəraitdən və geniş imkanlardan faydalana bilmədiyi 1990-cı illərin parlaq isimlərindən biridir Azad.

Bəlkə hər şeyə lap əvvəldən, müharibə illərindən başlayaq?

Şəkinin Qoxmuq kəndində orta məktəbi əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər Fakültəsində oxumaq üçün Bakıya gələn Azad burda müharibə xəbərini alır.

Tələbələr hərbi xidmətdən azad olsa da, o, vətənin taleyinə biganə qala bilmir, könüllü surətdə orduya yollanır. Uşaqlıqdan idmanla məşğul olan, fiziki cəhətdən möhkəmliyi ilə fərqlənən Azad 1992-93-cü illərdə Ağdərə, Qubadlı və digər Vətən torpaqları uğrunda gedən döyüşlərdə iştirak edir, kəşfiyyatçı olur. İndi Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovun o vaxt komandanlığı altında döyüşür.

azad-2Diplomat gələcəyindən imtina edir, bütün perspektivlərini atıb müharibənin ocağına atılır – bunu etməyə də bilərdi. Amma hər halda, Vətən üçün görülən işlər mühakimə olunmaz!

Atəşkəsdən sonra Bakıda və Rusiyanın bir sıra şəhərlərində sambo və cüdo ilə məşğul olan Azad Məmmədov bir müddət sonra “Ponkration” (qaydasız döyüş) üzrə turnirlərə qatılmağa başlayır, qısa müddətdə mətbuat tərəfindən “Sibirskiy djiqit” ləqəbi qazanır.

1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalını qazanan Azad daha sonra ilk azərbaycanlı olaraq 2001-ci ildə ağır çəkili idmançıların qaydasız döyüş yarışlarında Rusiya çempionuluğuna yüksəlir.

İdman karyerasında 46 görüşə adını qələbə ilə yazan Azad həmçinin Yaponiyada “Samuray qılıncı”na və Rusiyada “Cəngavər qılıncı”na layiq görülür. 2002-ci ildə Fransada keçirilən qaydasız döyüş yarışında özündən 45 kilo ağır çəkili erməni döyüşçüsü Sergey Tevotosyanı məğlub edib. Yarışdan əvvəl döyüşçülər arasında maraqlı şərtləşmə olub. Tevotosyan qalib gələrsə pul mükafatı, Azad isə erməni döyüşçüsünün zala çiynində gətirdiyi bayrağını alıb yerə atacaq. Alır da, yerə atıb tapdalayır da…

Azad Rusiyanın Perm şəhərində keçirilən MDB dövlətlərinin ponkration üzrə beynəlxlq turnirinin d də qalibi olur, turnirdəki pul mükafatından 20 min rublu Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayır.

Azad sonrakı illərdə Azərbaycana qayıdır, burda idmançı gənclər yetişdirməyə başlayır. Şəkidə “İmran Paşa” idman mərkəzi də açır. Hər şey yaxşı gedir, Azadın uğurları, şöhrəti, ətrafdakı insanları cəlb edən şəxsi keyfiyyətləri onu hər zaman zirvələrdə saxlayır…

Lakin sən saydığını say, gör fələk nə sayır. Azad Məmmədov 2009-cu ildə “dələduzluq”da ittiham edilir. Azad onu bir dəfə də görməyən, sadəcə kiminsə vədlərinə inanıb şər-böhtan şərikinə dönən adamların “şahidlik” ifadəsi ilə 10 il müddətinə həbsə göndərilir.

Artıq 6 ildir ki, Azad Məmmədov 3 övladı ilə qovuşmasına qalan günləri 13 saylı Cəzaçəkmə Müəssisəsində sayır. Həbsdən olduğu ilk gündən bəri, Azərbaycan bayrağı onun yatdığı kameradan, başının üstündən əksik olmur.

Azadın vətənpərvərliyini, mübarizə ruhunu təsvir etmək üçün uzun-uzadı, bəzəkli sözlərə ehtiyac yoxdur. Anası Həcər xanımın dilindən eşitdiyim bu sözlərlə yazını bitirirəm:

“Oğlum, südlə gələn sümüklə gedər. Bizim övladlarımızda vətənə sevgi ocaqdan gəlib. Bizim əvvəlimiz də vətəndir, axırımız da. Vətəni dəyişmək olar, ay oğul. Nə qədər haqsızlıq da olsa, bu Vətən bizimdir. İnanıram ki, Azad azadlığa qovuşsa, yenə də Vətənə xidmətindən qalmayacaq, müharibə olsa yenə ilk cərgələrdə gedəcək. Mən buna inanıram, çünki o, belə tərbiyə alıb”.

Allah Azadı tezlliklə öz azadlığına qovuşdursun!

/senzor.org

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol