Menu

Qeyri-rəsmi «Böyük çöl» ölkəsi - QAZAXISTAN!

11.09.2015, 19:22
Qeyri-rəsmi «Böyük çöl» ölkəsi - QAZAXISTAN!

Qazaxıstan KİV-nin məlumatına görə, Prezident Nursultan Nazarbayev hesab edir ki, ölkəsini qeyri-rəsmi olaraq, Böyük çöl ölkəsi adlandırmaq olar. Bu barədə Nazarbayev Qazax xanlığının 550 illiyinə həsr olunmuş təntənəli bayram tədbirindəki çıxışı zamanı bəyan edib (TASS).

«Dünyada çoxsaylı nümunələr var ki, bu və ya digər xalq öz dövlətinin rəsmi adı ilə yanaşı, xüsusi - qeyri-formal anlayışdan da istifadə edir. Bizim müqəddəs torpaqlarımızı da qədimlərdə «Böyük çöl», bizləri isə - «Böyük çöl uşaqları» adlandırıblar»-deyə, dövlət başçısı qeyd edib.

Prezidentin sözlərinə görə, 21-ci əsrdə «Avrasiyanın nəhayətsiz çöl məkanı təkrar yenilənir və çiçəklənir. Biz isə öz tariximizdə yeni mayakı yandırmışıq».

«Ona görə də bu gün və əbədi olaraq bizim Qazaxıstan - «Ulı dala Eli»-dir, yenilənmiş Böyük çöl ölkəsidir, vətənimizin çoxetnik xalqının beşiyi və evidir. Ölkəmizin xalq tərəfindən verilmiş adı məhz Böyük çöl ölkəsidir»-deyə, Nazarbayev müdrikcəsinə bəyan edib.

O, əmindir ki, Qazaxıstanın «belə obrazı hər bir qazaxıstanlının şüurunda və qəlbində öz yerini tapacaq və bütün dünyada tanınacaq».

Qazaxıstanın qeyri-rəsmi adlandırılması barədə təklif iyulun əvvəlində - Qazaxıstanda dövlət proqramlarının reallaşdırılmasına həsr olunmuş telekörpüdəki çıxışı zamanı Nazarbayevin dilindən səslənib. O zaman Prezident Qazaxıstan brendinin yaradılmasının vacibliyini qeyd edib ki, ölkəsi bütün dünyada həmin brendlə tanınsın.

«Biz, hansısa bir Qazaxıstan brendi ilə özümüzə yol açmalıyıq. Bu sual üzərində düşünməyə başlayıram: Məsələn, Yaponiyanı «Doğan günəş» ölkəsi adlandırırlar, Koreya - «Səhər təravəti ölkəsi», Niderland - «Zambaqlar ölkəsi», Çin «Səmaaltı ölkə» (Azərbaycan - «Odlar yurdu» - red.) adlanır. Biz isə «Böyük çöl» ölkəsi. Böyük çöl, əbədi mavi səma - əcdadlarımız bax, burada yaşayıb. Tenqri (Tanrı - red.) - səma. Böyük çöl otunun və mavi səmanın rəngindən də bizim Bayrağımızın rəngi «doğulub». Biz - Böyük çölün uşaqlarıyıq. Bax, bu şüarlar altında və yeni brendlə biz, dünyaya özümüzü yeni Qazaxıstanla göstərməliyik» - deyə, dövlət başçısı söhbətini yekunlaşdırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol