Menu

Gömrüyün planı azaldılmadı

14.09.2015, 18:31
Gömrüyün planı azaldılmadı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 milyard 602 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 milyon manat və yaxud 7,2 faiz azdır.

“Marja” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatında deyilir.

Həmin məbləğin 4 milyard 812 milyon manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9 faizi qeyri-neft sektorunun, 1 milyard 790 milyon manatı və yaxud 27,1 faizi isə neft sektorunun payına düşəcək.

2016-cı ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9 faiz olmaqla, 1 milyard 590 milyon manat proqnozlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir.

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə mədaxil proqnozunun qeyri-neft ÜDM-də xüsusi çəkisi 3,8 faiz səviyyəsində olacaqdır.

BÜDCƏMİZ 16,3 MİLYARD MANAT OLACAQ

Qeyd edək ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 25,2 faizi həcmində olmaqla, nominal ifadədə 14 milyard 566,0 mln. manat, dövlət büdcəsinin xərcləri isə ümumi daxili məhsulun 28,2 faizini təşkil etməklə 16 milyard 264,0 mln. manat həcmində proqnozlaşdırılır. 2016-cı il dövlət büdcəsinin kəsirinin (defisitinin) 1 milyard 698 milyon manat olacağı gözlənilir.

Azərbaycan Respublikasının 2016-cı il icmal büdcəsinin gəlirləri 16 milyard 720,1 milyon manat və yaxud əvvəlki ilə nisbətən 3 milyard 996,7 milyon manat (19,3 faiz) az, xərcləri 19 milyard 906,5 milyon manat və yaxud əvvəlki ilə nisbətən 6 milyard 4,4 milyon manat (23,2 faiz) az nəzərdə tutulmuşdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol