Menu

Əhali 747 milyon manat kredit faizi ödəyib

16.09.2015, 09:58
Əhali 747 milyon manat kredit faizi ödəyib

2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi tərəfindən 747,6 milyon manat kreditlər üzrə faiz ödəyib.

Dövlət Statistika Komitəsindən “Marja”ya verilən məlumata görə, 2015-ci ilin yanvar-avqust aylarında əhalinin nominal gəlirləri 5,9 faiz artaraq 26,7 milyard manata çatmışdır. Gəlirlərin 75 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 12,7 faizi əmanətlərin və kapitalın artırılmasına, 2,8 faizi (747,6 milyon manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmişdir.

İSTEHLAKA XƏRCLƏNƏN NİSBƏT ARTIR

Göründüyü kimi, bu il əhali gəlirlərinin 75%-ni son istehlaka xərcləyib. Halbuki, ötən ilin eyni dövründə bu nisbət 70,2% idi.

2014-cü ilin yanvar-avqust aylarında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 5,1 faiz artaraq 24,0 milyard manata çatmışdı. Gəlirlərin 70,2 faizi son istehlaka, 9,1 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdi.

2016-DA ƏHALİNİN PUL GƏLİRLƏRİ 1,6% ARTA BİLƏR

Azərbaycan hökuməti 2016-cı ildə əhalinin nominal pul gəlirlərinin 1,2% artaraq 43,8 milyard manat təşkil edəcəyini proqnozlaşdırır. Bu barədə Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində qeyd olunur.

Hökumətin proqnozlarına görə, gələn il əhalinin nominal pul xərcləri 0,6% artaraq 34,4 milyard manat təşkil edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol