Suriyalı müxalifətçilər Pentaqondan aldıqları silah-sursatı "əl-Kaidə" və "Nusra cəbhəsi"nə daxil olan terrorçulara ötürürüblər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ ordusunun mərkəzi komandanlığının təmsilçisi polkovnik Patrik Rayder "Röyter"ə danışıb.
Pentaqonun əldə etdiyi məlumata görə, Azad Suriya Ordusunun döyüşçüləri 6 pikap növlü maşınlara yüklənmiş silah-sursatı təhlükəsiz keçidlərdən ötürərək fanatik terrorçulara veriblər. Bu silahlar Suriya müxalifətinin silahlı dəstələrinin təchizatı və hazırlığı proqramı çərçivəsində onlar üçün nəzərdə tutulmuşdu.
Sentyabrın 23-də xəbər yayılıb ki, ABŞ və Türkiyədəki hərbi düşərgələrdə təlim keçən ASO üzvləri fərarilik edərək "əl-Kaidə"yə qoşulublar. Ancaq ABŞ ordusunun mərkəzi komandanlığı bu xəbəri təkzib edib.
Suriyalı döyüşçülərin hazırlanması proqramı Pentaqon tərəfində Türkiyə və İordaniya kimi müttəfiq ölkələrin iştirakı ilə həyata keçirilir. Sentyabrın 19-20-də 70 döyüşçü Suriyaya qayıdıb və onlar koalisiya qüvvələrinin komandanlığı altında yox, mötədil islamçı qruplaşmaların tərkibində döyüşəcəklər.


Şərhlər