DEPUTATLIĞIN KAYFI...

Xalid QÜDRƏTOĞLU

Ax!.. necə kef çəkməli əyyam idi,

Onda ki, övladi-vətən xam idi!

Allah sənə rəhmət eləsin, M.Ə.Sabir!

Milli Məclisin gerçək duayenlərindən biri, bilmirəm, bəlkə də birimincisi – binəqədili Madər Musayev yenidən deputatlığa namizədliyini verib-verməyəcəyi ilə maraqlananlara əntiqə bir cavab veribmiş. Deyibmiş ki, atam-qərdeşim, mən deputatlıqdan kayf alıram. Deyib və həmən də namizədliyini verib.

Başa düşdünüz də! Adam başqaları kimi riyakarlıq eləməyib; ki, ay mən xalqıma xidmət etmək istəyirəm, bəs deməyəsən ki, millətin səsini dünyaya çatdıracağam, qəşəng-qəşəng qanunlar qayıracağam və s. və i.a. yalan-palan. Adam millətin gözünə kül üfürmür. Sağ olsun! Kişi kimi deyir ki, “prosto” deputatlıqdan kayf alır.

Biri vəzifədən, kreslodan ləzzət alır.

O biri gözünün qurdunu rüşvət və korrupsiya yolu ilə taladığı əskinasların həzin xışıltısı ilə öldürür.

Üçüncüsü həyatın mənasını qızı yaşında qızlarnan eyş-işrət məclisi qurmaqda görür.

Birisi üçün dünyanın ən şirin həzzi dəbdəbəli mülklərinin, hərəsi bir ölkədə yerləşən imarətlərinin, sayını itirdiyi lüks avtomobillərinin varlığıdır.

Bəziləri kokain iyləməklə, damarlarına heroin yeritməklə, qudurğanlıqla, xalqına zülm etməklə kayf tutur.

Bir qisim adamlar da var ki, Yer üzünün bütün nemətlərini daddıqları səbəbindəndir ki, artıq kayfı deputat olmaqdan tuturlar.

Məgər o təkdir? Nə olsun ki, adı madardır. O “qoşa bina”da oturanların da, ora can atanların da azı tən yarısı ora kayf üçün can atır. Yalandısa özləri-özlərindən soruşsunlar görək ötən beş, on beş, iyirmi ildə özünə, ailəsinə elədiyi ağır gələr yaxsa seçicisinə?!

Dəyirmançılar, mebel, siqaret satanlar, dövlət əmlakını xırıd edənlər, moizə oxuyanlar, məmur-oliqarxların biznesini idarə edənlər, yaxud da sadəcə əsnəyənlər, mürgü döyənlər, bilyard oynayanlar illərdir kif atıb oturublar orda.

Artıq danışmağa nə hacət? Günümüz onların fəaliyyətinin (oxu – fəaliyyətsizliyinin!) güzgüsü deyilmi?

Heç şübhəsiz, deputatxanada yer alacaq millət vəkillərinin heç də hamısı bu cür düşünmür. Orada millətini sevən, boğazındakı sonuncu tikəni çıxardıb həmvətəninə yedirtməyə hazır olan, Vətən, dövlət və xalq yolunda hər bir möhnəti köynəyindən də deyil, ürəyindən keçirməyə hazır olan ləyaqətli, adını çəkəndə utanmadığımız millət vəkilləri var və olacaq da.

Ancaq adının dalınca bir lafet könül bulandıran söz - söhbətin süründüyü, adı rişxənd və məsxərə, riyakarlıq və korrupsiya mövzusuna çevrilən deputatlar da var və ortalıqda dolaşan siyahılardan da göründüyü kimi, hələ bundan sonra da olacaq.

Bəndənizin bundan əvvəlki yazısında da ifadə etdiyi kimi, bu, təsadüf olsa idi, nə dərd vardı ki!..

Ən pisi odur ki, bu siyasət artıq işlənib oturuşmuş “polittexnologiya”, ideoloji kurs, seçki strategiyası mərtəbəsinə yüksəlib.

Əcəba, budurmu cəmiyyətə ötürmək istədiyimiz mesaj? Bundan sonradamı biz düşünməyi, yaxşı ilə pisi ayırmağı bacaran insanlardan tolerantlıq, siyasi səbat, sadiqlik və sədaqət gözləməliyik?!

Bu gün gündəmdə dolaşan, kuluarlarda deyil, artıq açıq məkanlarda və özü də hamının eşidəcəyi kifayət qədər yüksək səslə müzakirəsi gedən namizəd siyahıları ölkənin də, millətin də, iqtidarlı - müxalifətli siyasi “elita”nın da bütün potensialını, nəyə qadir olduğunu açıq tablo kimi ortalığa sərir.

Yəni doğrudanmı növbəti beş il üçün millət ayrı-ayrı dairələrdə “hər bir seçici öz deputatına layiqdir” həqiqəti ilə barışıb yaşamalı olacaq?

Yəni, bu millət o qədərmi bitib, tükənib, ətrafında baş verənlərə biganələşib ki, siyasi riyakarların, lotu-potuların ixtiyarına qalıb?

Kimlər yoxdur siyahıda?

Yenə də köhnə hamam, köhnə tasdır.

Yenə də zamanında bu dövləti, dövlət başçısını, hakimiyyəti söyənlər.

Yenə də qohumlar, korrupsioner məmurların qardaşları, hansısa yüksək dövlət məmurunun (düşündüyünüz deyil, təzəsidir – !) “elmi düha”sını “kitablaşdıran” alimlər, ağzına gələn qatığı dar və bic ağlı ilə calaq eləyib qəzet səhifələrinə, saytlara çıxaran uğursuz yazar və təkadamlıq partiya başqanları ... daha kimlər və kimlər!..

Rəhmətlik sənətkarımız Yaşar Nuri demişkən: - Hə, nooolsun?!

O olsun ki, ayıbdır!

Vallah... billah... tallah ki, ayıbdır!

Belə bir məzəli, gülməli və bir az da ağlamalı siyahı ilə bütün dünyanın qibtə obyektinə çevriləcəyimizi hədəfləyiriksə, hesab elə ki, “Voroşilov atıcısı” nişanı cibimizdədir, düppədüz onluğa vurmuşuq.

Və ... bir üzü Amerikadan Avropaya, oradan da içi Çin, Sinqapur, Yaponiya kimi yazıq və həqir ölkələrin bizə həsəd və paxıllıq elədikləri, dünyanın böyük-böyük reytinq şirkətlərinin Azərbaycanın iqtisadi uğurlarını ifadə edə biləcək rəqəmin tapılması üçün baş sındırdığı bir vaxtda İsmayıllıda ilk dərs gününə təzə çanta və köynək ala bilməyən ailənin məktəbli oğlu özünü asır.

“Kayf”ın başlayıb Sözün bitdiyi yerdir həmin dar ağacı!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar