Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu ətrafında bir müddət öncə başlayan qalmaqal davam edir. İnstitutda gərginlik getdikcə artır. Buna səbəb kimi isə, Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyevin kreslosunu boşaltmaq istəməməsi göstərilir.

Məlumat üçün bildirək ki, T.Hacıyev Nəsimi adına Dilçilik İnstitutunda direktor vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək, bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan onu razılaşdıra biliblər.

Bir müddət əvvəl isə T.Hacıyev Dilçilik İnstitutunda tutduğu direktorluq postundan istefa verdi. Onun istefasına səbəb kimi, İnstitut daxilində intriqaların şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr etməsi göstərilirdi. T.Hacıyevi müvəqqəti olaraq Möhsün Nağısoylu əvəzləmişdi.

Lakin qəribə də olsa T.Hacıyev gözlənilmədən yenidən institutdakı vəzifəsinə geri qayıtdı. O, istefa ərizəsini yazdığı vaxt əsəbi olduğunu və ərizəsini də məzuniyyətdə olduğu vaxt yazdığı üçün qeyri-qanuni olduğunu bildirərək, kreslosunu boşaltmaq niyyətində olmadığını bəyan etdi. Bu isə İnsitutda gərginliyi bir qədər də artırıb.

Bu arada Maliyyə Nazirliyi də Dilçilik İnstitutunda yoxlamalara başlayıb. Nazirliyinin böyük nümayəndə heyətinə AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli bələdçilik edir. Məlumata görə, yoxlamalarda 2012-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Dilçilik İnstitutunun maddi-texniki bazasının yaxşılaşdırılması və elmi inkişaf üçün ayrılmış 2 milyon manat vəsaitin aqibəti soruşulur.

Etibar-300x300-300x300

Akademik elm ocağında baş verən bu cür hadisələr isə təbii ki, elm ictimaiyyəti tərəfindən hiddət və nifrətlə qarşılanır. Bunu akademiyada baş verənlərlə bağlı danışdığımız təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev də təsdiqlədi.

- Etibar müəllim, AMEA-nın Dilçilik İnstitutunda baş verənlərlə bağlı yazdığınız “Dilçilik İnstitutunda qeyri-dil oyunları” başlıqlı yazınız böyük rezonansa səbəb olmuşdu. Sizcə bu institutda ikihakimiyyətlilik nə vaxta qədər davam edəcək?

- Məncə yaxın günlərdə hörmətli Akif Əlizadə bu məsələni yoluna qoyacaq. Çünki elmi təşkilatda belə xoşagəlməz halın baş verməsi cəmiyyətdə də pis qarşılanır. Dilçilik İnstitutunda baş verənlər Akademiyanın nüfuzuna zərbə vurur. Akif müəllim çox mədəni və səbirli adamdır. Yəqin ki, o, problemin həllini tərəflərin ixtiyarına buraxıb. Ancaq hələlik “akademik” anlaşma olmadığından tezliklə özü məsələyə müdaxilə etməlidir. Maraqlıdır ki, cəmiyyət indiyə kimi Tofiq müəllimin başqa bir peşmançılığına, təəssüfünə və geri addımına rast gəlməyib... kreslo peşmançılığından başqa. Bu hadisə onun nüfuzuna böyük zərbə vurdu.

- Bəlkə prinsip məsələsi var?

-Burada hansı prinsipdən söbət gedə bilər? Prinsipsizlikdən danışmaq lazımdır. İnsan 80 yaşında neçə vəzifə tuta bilər? Tofiq müəllim BDU-da “Türkologiya” kafedrasının, Folklor İnstitutunda “Dədə Qorqud” şöbəsinin müdiridir. Akademik təqaüdü alır. Ölkənin aparıcı universitetində kafedra müdiri vəzifəsini daşıyan belələri çox məsuliyyətli və vacib bir işi asudə vaxtlarına çeviriblər. Bu universitetə olan hörmətsizlikdir. Ölkəsinə xidmət etmək niyyətində olan şəxs kafedra müdiri, institut direktoru olmadan da mütəxəssis yetişdirə bilər. Bir neçə vəzifə tutmaq ehtirası ilə mütəxəsis hazırlamaq və elmlə normal məşğul olmaq mümkün deyil.

- Nədənsə Tofiq Hacıyevi müdafiə edənlər sırasında tanınmışlar Firudin Cəlilov və Nizami Cəfərov da var.

-Firudin müəllimlə Nizami müəllim yazılarında onun böyük alim olduğunu cəmiyyətə xatırladırlar. Və bununla demək istəyirlər ki, o, Dilçilik İnstitutuna rəhbərliyini davam etdirməlidir. Əslində bununla onlar Tofiq müəllimə pislik etmiş olurlar. Məncə Tofiq müəllimə ən yaxşı məsləhət bu yaşında böyük instituta rəhbərlik etməkdənsə indi tutduğu vəzifələrin birindən də imtina edib, vaxtını tələbə və doktorantlara sərf etmək olardı. Nizami Cəfərov Tofiq Hacıyevi çox istəyirsə müdiri olduğu “Atatürk mərkəzi”ndən istefa verib yerini ona təklif etsin. Nizami müəllimin rəhbərlik etdiyi Mərkəz Tofiq Hacıyevin ixtisasına daha çox uyğun gəlir. Özü də ora əsl ahıl adamın yeridir. Cəmiyyət belə müəllim-tələbə münasibətinə əlbəttə ki, qibtə edərdi.

Murad Məmmədov

AzPolitika.info