Menu

“Xətai”nin dərdləri deputatlığa namizədin gözüylə - VİDEO

16.10.2015, 12:40
“Xətai”nin dərdləri deputatlığa namizədin gözüylə - VİDEO

34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizəd Elçin Qurbanov özünəməxsus seçki kampaniyasını davam etdirir.

Xatırladaq ki, namizəd seçicilərlə görüşlərdə öz platformasını təbliğ etməklə qalmır, həm də onları maraqlandıran məsələlərin təsnifatıyla məşğul olur. Hər dəfə keçirdiyi rəy sorğularıyla sakinlərin prioritet hesab etdiyi problemlərə yanaşmasını da öyrənməyə çalışan Elçin Qurbanov, dünənki kampaniya çərçivəsində 250 seçiciylə görüşdüyünü deyir.

Millət vəkilliyinə iddialı iqtisadçı ekspert mətbuat açıqlamasında bildirib:

“250-yə yaxın sakinlə görüş keçirdim. Bu dəfəki görüşün nəticələri bir qədər fərqlidir. Baxmayaraq ki, kommunal problemlərin həlli Milli Məclisin vəzifə səlahiyyətlərinə aid deyil, amma insanlar kommunal xidmətlər göstərən təşkilatların fəaliyyətsizliyindən deputatlığa namizədlərə şikayətlənməyə, ürək dolusu danışmağa məcbur idilər.

Qarşılaşdığım ən ciddi problemlərdən biriylə Xətai rayonu Neapol 4a və 4b yaşayış binalarında rastlaşdım. Bu binaların zirzəmisi su ilə dolu idi. Sakinlərin bildirdiklərinə görə, dəfələrlə əlaqədar təşkilatlara müraciət etsələr də, nəticə hasil olmayıb. Onlar indi zirzəmidə yığılan suyun binanın özülünü yuyub aparacağından və binanın qəzalı vəziyyətə düşəcəyindən əsaslı olaraq narahatdırlar.

Oxşar problemlər N.Tusi küçəsi ev 2 , ev 6 –da da mövcuddur. Bu binaların sakinləri həm də Yaşıllaşdırma idarəsinin fəaliyyətsizliyindən və istilik sisteminin işləməməsindən şikayətçi idilər.

Dünənki görüşlərimi ümumiləşdirsəm, belə deyə bilərəm: Ümumiyyətlə, insanlar sanki problemlərini danışmağa ürək dostu axtarırlar. Onları başa düşməmək olmur.

Sakinlərin bir çoxu təhsil haqlarının yüksək olduğundan da gileylidir. Ən çox diqqəti cəlb edən N. Tusi 2 –də yaşayan Çernobl əlili Rafiq müəllim oldi. O, magistr pilləsi üzrə ADA universitetinə daxil olmuş övladının təhsil haqqını ödəyə bilmir. Rafiq müəllim əlil olmasının nəzərə alınmasını və təhsil haqqının ödənilməsində güzəştlərin tətbiq edilməsini səlahiyyətli şəxslərdən xahiş edir.

Bu dəfəki rəy sorğusunun nəticələri:

Seçkidə iştirakın gözlənilənlərin səviyyəsi -70 %

Deputatını tanıyanlar- 17%

Deputata müraciət edənlər və nəticələr - 0 %

İqtisadi mühit və sosial təminat - 33%

Vicdan azadlığı və insan hüquqları - 70 %

İnsanları maraqlandıran digər problemlər isə gənclərin işsizlik , mənzil və ipoteka kreditlərinin kütləviləşdirilməsi və şərtlərinin yüngülləşdirilməsi ilə bağlı məsələlərdir."

Namizədin seçki plotformasını bu videoda izləyə bilərsiniz:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol