Rusiya G8 qrupunda iştirak etmək üçün “göz yaşı tökmür”, sanksiyaların Rusiya iqtisadiyyatına təsiri isə Qərbdə çox şişirdilib.
AzPolitika.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.
“Son sanksiyaların Rusiya iqtisadiyyatına təsiri Qərb tərəfdən çox şişirdilib. Bəli, bu, bizə müəyyən çətinliklər yaradır, görünəni təkzib etmək səfehlikdir, amma... Biz keçmişdə daha ciddi problemlər yaşamışıq”, - deyə S.İvanov qeyd edib.
O, Moskvanın “Böyük səkkizliyə” can atmadığını, həqiqətən ciddi məsələlərin G20 səviyyəsində müzakirə olunduğunu deyib.
“Bu ölkədə (Suriyada) kimyəvi silah arsenalının ləğv edilməsi barədə razılıq nə “səkkizlik”, nə “yeddilik”də yox, məhz “iyirmilik” formatında əldə olunub. Odur ki, biz G8-ə düşmək üçün göz yaşı tökmürük”, - deyə PA rəhbəri əlavə edib.

Şərhlər