Menu

Azərbaycan müəllimini bu vəziyyətə kim salır? - VİDEO

22.10.2015, 18:51
Azərbaycan müəllimini bu vəziyyətə kim salır? - VİDEO

112 Saylı Qax Seçki Dairəsi Azərbaycan üzrə ən aktiv və gərgin seçki təbliğatının getdiyi dairələrdən sayılır

1 noyabrda keçiriləcək Milli Məclisə seçkilərdə baş verən qanun pozuntuları ciddi nəzarətə götürülür. Bu barədə Prezidentin köməkçisi Əli Həsənov da mətbuata açıqlamasında açıq şəkildə bildirib.

Lakin sosial şəbəkələrdə yayılan bəzi video görüntülər əlavə şərhə ehtiyac duymur. Belə ki, Qax rayonu Ləkit kənd orta məktəbinin Tarix müəllimi Vaqif Aydınova qarşı olunan təhdidlər, onun iradəsinə zidd ifadələr verməyə məcbur edilməsi Azərbaycan müəllimi adının şərəf və ləyaqətinin alçaldılmasından başqa bir şey deyil.

Oktyabrın 17-də Ləkit kəndində yerli sakinlərlə görüşən deputatlığa namizəd Əhməd Şahidov kəndin qayğılarından danışıb. Görüşdə çıxış edən kənd məktəbinin müəllimi Vaqif Aydınov kənddə üzləşdiyi problemlərdən danışıb, yerli məmurların təzyiqlərini sadalayıb və Əhməd Şahidova dəstəyini ifadə edib. Bundan 1 gün sonra - Oktyabrın 18-də sosial şəbəkələrdə yayılan video isə həqiqətən də bütün dəyərlərin tapdanması və müəllim adının ayaqlar altına salınması idi. Belə ki, Vaqif Aydınovun birinci çıxışından sonra onun evinə gələn və özünü deputat Azər Kərimlinin səlahiyyətli nümayəndəsi kimi təqdim edən Kamal Muxtarlı adlı bir şəxs Vaqif müəllimi küçə söyüşləri ilə təhqir edib, özü ilə gətirdiyi 10-a yaxın adamları göstərərək, Vaqif Aydınovu öldürtdürəcəyini bildirib. Ailə üzvlərinin gözü qarşısında baş verən bu hadisədən bərk qorxan Vaqif Aydınov kamera qarşısında təkzib verməyə məcbur edilib.

Ləkit kənd məktəbinin Tarix müəllimi olan Vaqif Aydınovun hər iki çıxışını sizlərə təqdim edirik. Görün, öz şəxsi maraqları naminə Azərbaycan müəlliminin şərəfini ayaqlar altına atan insanlar daha nələrə əl atırlar. Ümid edirik ki, Təhsil Nazirliyi və ölkə rəhbərliyi bu rəzalətə reaksiya verəcək və günahkarlar layiqli cəzalarını alacaqlar. (R)

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol