ADP sədrinin müavini, 22 saylı Nəsimi 2-ci Seçki Dairəsindən deputatlığa namizəd Mənsurov Rəşid Mirəjdər oğlunun "AzPolitika.info"ya müsahibəsi.
- Seçkiyə sayılı günlər qalıb. Bir namizəd olaraq təbliğat-təşviqat mərhələsini neçə dəyərləndirirsiz?
- Ümumilikdə götürdükdə təbliğat təşviqat mərhələsi ilə bağlı qanunvericiliyin imkanları məhduddur. Bura mən pulsuz efir vaxtını, təbliğat materialları üçün nəzərdə tutulmuş lövhələrin bu məqsədə demək olar ki, xidmət etməməsin (bir çox hallarda bu lövhələr qapalı məkanlardadır), secicilər ilə görüş üçün nəzərdə tutulmuş yerlərin həm məhdud sayda olmasın, eyni zamanda onların məqsədə müvafiq ərazidə olmamasın aid edə bilərəm. Amma buna baxmayaraq biz mövcud imkanlardan maksimum yararlanmağa calışırıq. Düzdür efir vaxtından istifadə edə bilmədik. Burada mən həm pulsuz, həm də pullu efir vaxtların nəzərdə tuturam. Birinci halda buna qanunvericilik imkan vermir, ikinci halda həddindən artıq yüksək qiymətlər müəyyən olunmuşdur.
Biz bu mərhələdə daha çox qapı- qapı gəzərək seçicilərlə görüşə üstünlük vermişik. Düşünürəm ki, bu ən düzgün seçimdir. Birbaşa seçicilərlə ünsiyyətdə olmaq, onları dinləmək və özümüzü onlara təqdim etmək. Buna görə də biz seçicilər arasında daha çox rəğbət qazana bilmişik. Bu cur imkanlardan biz sona qədər istifadə edəcəyik.
Eyni zamanda seçicilərlə görüş üçün nəzərdə tutulmuş məkanlardanda istifadə edirik. Düzdür dairə ərazisində cəmi bir qapalı və bir açıq məkan nəzərdə tutulub, biz bu fürsətidə əldən vermək istəmirik. Bizim bu məkanlarda kecirdiyimiz görüşlərə də kifayət qədər seçici gəlmişdi. Seçicilərin ümumi passivlik fonunda bizimlə görüşə gəlməyi bizi daha da ruhlandırır və seçkidə qalib gələcəyimizə əminlik yaradır.
-Siz işinizi digər namizədlərin işinə uyğun qurursuz?
-Xeyr. Biz seçkiyə qatılmamışdan öncə bu dairədə imkanlarımızı nəzərdən keçirmişdik və ilkin olaraq işimizi buna müvafiq müəyyən etmişdik. Dairə ərazisində zəif və güclü yerlərimizi müəyyən edərək iş planımzı tərtib etmişik və bu iş plana uyğun hərəkət edirik. Düşünürəm ki, planlaşdırdığımız bu iş öz effektin verəcəkdir.

-Bir çox hallarda insanlar seçkiyə ümidsiz, inamsız yanaşırlar. Sizin buna münasibətiniz?
-Bəli ümumilikdə seçicilərdə bir ümüdsüzlük hiss olunur. Çox zaman ən birinci sualları da bilavasitə bu mövzunu əhatə edir. Əvvəla onu demək istərdim ki, seçkilər dinc demokratik dəyişiliklərin yeganə formasıdır. Seçkilərə inamsızlıq hər birimizi narahat etməlidir və bütün səylərimizi bu inamsızlığı aradan qaldırmağa yönəltməliyik. Mən səylərimizi deyəndə Azərbaycanı sevən hər bir şəxsi nəzərdə tuturam. Bura prezidentdən tutmuş sıravi vətandaşa qədər hər bir kəs aiddir.
Bu ümüdsüzlüyün müəyyən səbəbləri vardır. Mən konkret olaraq öz dairəmizdən danışacam, ola bilər ki, söylədiyim arqumentlər bütünlükdə digər dairələri əhatə etməsin. Birincisi, bu dairədən uzun illərdir eyni insanın Milli Məclisdə təmsil olunması və bu şəxsin həm seçicilərin problemlərinin həlli istiqamətində, həm də, Milli Məclisin işində nəzərə çarpacaq işinin olmamasıdır. Bu isə bu quruma olan etimadı azaldır. İkincisi, secicilərin bir qisminin səs verdikləri namizədin təsdiq olunacağına inamlarının zəif olmasıdır. Üçüncü səbəb kimi mən maarifləndirmə işinin düzgün aparılmamasında görürəm. Elə bunların nəticəsidir ki, respublikada seçici fəallığına görə dairələr arasında ən axırıncı yeri bizim dairə, 22 saylı Nəsimi ikinci seçki dairəsi tutur. Rəsmi rəqəmlərə görə son Milli Məclis seçkilərində seçicilərin cəmi 13.5% -i seçkilərdə iştirak etmişdir. Bu da ortalama 5100 seçici deməkdir, amma bu dairədə 38000-ə yaxın seçici vardır. Bu o deməkdir ki, böyük əksəriyyət seçici seçkidən kənarda qalır.
Amma bütün bunlara baxmayaraq biz insanlarda bir inam hissi yaratmağa çalışırıq. İnam olan yerdə də ümid vardır.

-Seçkini necə müşahidə etmək fikrindəsiniz?
-Bildiyiniz kimi seçkini müşahidə etmək səlahiyyəti həm vəkillərdə, həm məşvərət səs hüqüqlu səxslərdə, həm də müşahidəçilərdə vardır. Qanunla da namizəd 10 vəkil, hər məntəqəyə bir məşvərət səs hüquqlu səxs və bir müşahidəçi müəyyən edə bilər. Biz bütün bu imkanlardan istifadə etmək niyyətindəyik. Vəkillərimizi, məşvərətçilərimizi və müşahidəçilərimizi müəyyənləşdirmişik və bu insanların köməyi ilə müşahidə aparacağıq.
-Nəticələr haqqında indidən nə isə deyə bilərsiz?
-Bu dairənin seçicilərinin seçimi bizik, buna əminəm və bu əminliyin yəqinləşməsi üçün durmadan çalışırıq.


Şərhlər