Çətin bir də qurutduğumuz arxa su sıza...

Nurəddin İsmayıl

Olmuşlardan, olanlardan nəticə çıxarmayan, olacaqları gözə gətirməyən toplumun halı, elə, bizim halımız kimi olar. Əsəbi, hikkəli, didişmələr, çarpışmalar içində. Nizamsız, çəkisiz, nizamda, birlikdə arılar, qarışqalar ailəsindən geri qalan, sadiqcəsinə obasını yırıtcılardan qoruyan it qədər də yurduna sahib durmayan, el qəhri çəkməyən, sadəlövh, aldanışa meylli bir toplumuq biz. Sevgimiz özümüzdən başlayıb, özümüzdə bitər.

Dirnağmıza daş dəyəndə həşirimiz aləmi götürər. O taylı, bu taylı dırnaqlanar, şumlanar, şəhid qanıyla suvarılar vətən torpağı, yalandan köks ötürüb cari işlərimizin dalınca yüyürərik. Ən uca bayraq dalğalandırarıq meydanlarda, bayrağımızı tərsinə döndərən dövlətlərə susqunluq göstərərik. Rəsmilərimiz himn oxumağı özünə yaraşdırmaz, ruhumuz vəcdə gəlməz himnimizdən. İstiqlal qurucumuz Məmmədəminə bir heykəli də çox görərik. Torba keçirərik büstünə. “Astara da, Qarabağ da, Xaçmaz da, Naxçıvan da bizimdir” kimi hüştürüngü nəğmələrlə təzədən bölərik min dəfə bölünən bütöv Azərbaycanımızı. Cənabi Allah hürr yaratdıqlarının kölə əməllərindən bezməyibsə, əlini bizdən üzməyibsə, min şükürlər yaradana, ya rəbbim.

Çətin bir də qurutduğumuz arxa su sıza

Biz gülzarını xəzan vurmuş

bir balaca yurduq,

içinə həşir düşmüş

bir balaca elik,

yer kürəsinin

didim-didim didilmiş,

parşalanmış bucağında.

Biz həm də bir balaca

yurd içində, el içində,

bir-birinə tələ quran,

qarmaq atan,

şöhrət üstə, kürsü üstə,

bir-birini bazarlayıb

bir quruşa yada satan

üzü dönük övladlarıq,

səhər-axşam bizə layla deyən

vətən adlı anamızın qucağında.

Biz xilaf çıxdıq Allah qisməti

vətən əmanətinə,

Şərəfdən dönumuzun biçildiyi

insanlıq zəmanətinə.

Badələr əlimizdə tərif yağdırdıq

kabab iyli yaylaqlara,

Bəh-bəh deyə-deyə

döndərdik Azərbaycanı

əcnəbilər kefin çəkən oylaqlara.

Düşdük it ağzına, qurd ağzına,

Kilid vurduq

haqdan gələn söz ağzına.

İnandıq ağzı plov iyli

imanı qırıq “dindar”lara,

Hərə bir büt yaratdı,

heykəllər ucaltdıq

millət “atası” fironlara.

Şərin çatısı ilan tək sarıldı

boynumuza,

Görmədik xalqın sözün tytan,

işıq salan, kimsə yolumuza.

Harda qaldı bu yurdun

ağzı dualı hacısı, kərbəlası,

Niyə qurtulmur bizdən

zülmün ərşə dirənən bəlası.

Yetməz, qardaşım bizim

yerdən göyə gedən

ahımız-amanımız,

Qənim kəsildi bizə

dünənə arxa çevirib,

arxamızca gələnləri

sabaha arxayın salan

yalançı gümanımız.

Biz gəzdik ağa dalınca,

özümüz ağalıqdan uzaq olduq,

Xoşlamadıq bəyzadəliyi,

nəfsin qurbanı

köləliyə dustaq olduq.

Birimiz mindik ağzı köpüklü,

azğınlaşmış şöhrət atına,

Qəzəb üstün gəldi,

rişxənd etdik birimiz,

digərinin künyəsinə-zatına.

Düşmən yalan oldu,

daş atdıq, daşladıq bir-birini,

Buraxdıq taleyin kor ixtiyarına,

boşladıq bir-birini.

Arxalı köpəklər qurd basdı,

arxa olammadıq arxasıza,

Çətin bir də

qurutduğumuz arxa su sıza.

Birimiz sağa,

birimiz sola çəkdik,

Yol, Allah yoluydu, əfəndim,

nədən hərəmiz bir yola çəkdik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar