Menu

Tiflis Saakaşvilinin vətəndaşlığını ləğv etmək istəyir

30.10.2015, 22:27
Tiflis Saakaşvilinin vətəndaşlığını ləğv etmək istəyir

Mixail Saakaşvili: “İvanişvili bu tapşırığı Rusiyadakı ağalarından alıb”

“Mixail Saakaşvilinin Gürcüstan vətəndaşlığından məhrum edilməsi yenidən gündəmə gələ bilər”. Bu sözləri Gürcüstan Gənc Hüquqşünaslar Birliyinin rəhbəri Anna Natsvilişvili oktyabrın 30-da mediaya açıqlamasında deyib.Anna Natsvilişvili bildirib ki, keçmiş baş nazir Bdzina İvanişvilinin bu haqda son iki gündə etdiyi çıxışlar, eləcə də Mixeil Saakaşvili haqqında cinayət işinin yenidən gündəmə gətirilməsi belə deməyə əsas verir.

Oktyabrın 30-da İvanişvili ilə yanaşı Gürcüstanın ədliyyə naziri Tei Tsulukiani də Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsindən danışıb: “Saakaşvili artıq Ukrayna vətəndaşıdır. Ona görə də onun Gürcüstan vətəndaşlığından məhrum edilməsi üzrə prosedurlara başlamaq olar. Yada salıram, Gürcüstan Konstitusiyasında ikili vətəndaşlıq yoxdur”.

Anna Natsvilişvili isə düşünür ki, ölkənin keçmiş prezidentini vətəndaşlıqdan məhrum etmək üçün indiki mərhələdə heç bir hüquqi əsas yoxdur: “Vətəndaşlıqdan məhrum etmək üçün ciddi hüquqi əsas olamalıdır. İndi Gürcüstan Ədliyə Nazirliyində belə bir hüquqi əsas yoxdur. Əgər bir şəxs haqqında cinayət işi qaldırılıb və istintaq gedirsə, bu onun vətəndaşlıqdan məhrum edilməsinə heç bir əsas yaratmır. Tam əksinə, istintaqın davam etməsi üçün vətəndaşlıq saxlanmalıdır”.

Məsələyə Odessa qubernatoru olan Mixeil Saakaşvili özü də münasibət bildirib. Qubernator Facebookdakı səhifəsində Gürcüstan hökumətinə və hökumətin himayəçisi keçmiş baş nazir Bdzina İvanişviliyə bir sıra ittihamlar səsləndirib: “Gürcüstan hökuməti ölkənin müstəqilliyini təhdid altına qoyaraq İvanişvili metodları ilə işləyir, ölkəni hər addımları ilə Rusiyaya yaxınlaşdırırlar. Rusiya dövlətinin cəsusları Gürcüstandakı danışıqları dinləyir və onları internet üzərindən yayırlar, hökumət tədbir görmək yerinə buna şərait yaradır”.

Mixeil Saakaşvilinin sözlərinə görə, rəsmi Tiflis İvanişvilinin diktəsi ilə ölkənin strateji maraqlarına qarşı işləyir: “Bütün Avropa Rusiya “Qazprom”undan azad olmaq istəyir, Gürcüstan hakimiyyəti isə ona ölkədə meydan vermək fikrinə düşüb. Bu, Gürcüstan üçün çox yanlış addım və ölkənin milli və iqtisadi maraqlarına heç bir halda cavab verməyən ideyadır. Bütün bunlar İvanişvilinin ideyalarıdır. Səbəb də odur ki, İvanişvilinin bu biznesdə şəxsi maraqları var. Bu insan öz maraqlarını Gürcüstanın milli maraqlarından daha önə çəkir. Bu şəxs hakimiyyətə gələndən Gürcüstanın bütün iqtisadiyyatını dağıdıb. İndi də Ermənistana dəmir yolu çəkilişləri ilə məşğuldurlar. Çünki onun Rusiyadakı ağaları belə istəyir. Bütün bunlar Gürcüstanın strateji maraqların ciddi zərbələrdir. İvanişvili bilir ki, Gürcüstanın sağlam qüvvələrin buna imkan verməz, ona görə də Rusiya qarşısında Gürcüstanın milli mənafeyini əsas götürən qüvvələri sıradan çıxarmaq, məni də vətəndaşlıqdan məhrum etmək öhdəliyi götürüb”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol