"Müzakirəyə çıxarılan 2027-ci ilin dövlət büdcəsi layihəsi ölkənin iqtisadi və sosial inkişafı, müdafiə qabiliyyətinin gücləndirilməsi və dövlət maliyyəsinin dayanıqlılığı baxımından mühüm dövlət sənədidir. Büdcə layihəsi və Palatanın rəyi ilə tanış olarkən diqqət çəkən əsas məqamlardan biri də Palata tərəfindən verilmiş əksər tövsiyələrin cari büdcə sənədləşməsində nəzərə alınmasıdır. Bu hal Maliyyə Nazirliyi ilə Hesablama Palatası arasında konstruktiv əməkdaşlığın bariz nümunəsidir..."
"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışında bəyan edib.
Millət vəkili çıxışında dövlət büdcəsi layihəsi ilə bağlı əsas məqamlar və əldə edilən nəticələr barədə fikirlərini bölüşüb: "Növbəti ildə dövlət büdcəsi gəlirləri və xərcləri artımla proqnozlaşdırılır. Belə ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri proqnoza görə təqribən 39,3 mlrd. manat, xərcləri isə 42,4 mld. manattəşkil edəcəkdir. Bu, 2026-cı ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə hər iki halda təqribən 1,7 faiz artım deməkdir və büdcə imkanlarının genişlənməsi ilə yanaşı, xərclərin artımında nisbətən ehtiyatlı yanaşmanın saxlanıldığını göstərir. Müqayisə üçün deyə bilərəm ki, 2025-ci ilin faktiki xərcləri (38,6 mlrd. manat) ilə 2027-ci ildə proqnozlaşdırılan xərclər arasındakı fərq təxminən 3,8 mlrd. manat təşkil edir.
İcmal büdcənin gəlirlərinin 47,6 mlrd. manat, xərclərinin isə 50,4 mlrd. manat proqnozlaşdırılması isə bu rəqəmlərin 2026-cı illə müqayisədə müvafiq olaraq 5,9 və 3,1 faiz artdığını göstərir. Deməli, icmal büdcənin gəlirləri xərclərdən daha yüksək templə artır.
Layihədə büdcə kəsiri 3,1 mlrd. manat həcmində göstərilir. Bu məbləğ büdcənin gəlir və xərc balansının, borclanma imkanlarının və makroiqtisadi sabitliyin birlikdə qiymətləndirilməsini tələb edir.
Layihədə müvafiq artımlar fonunda gəlirlərin strukturunda qeyri neft-qaz daxilolmalarının artımının nəzərdə tutulması, DNF-dən transfertlərə qənaət edilməsi, habelə xərclər üzrə optimallaşdırmanın aparılması növbəti ilin büdcəsinin fərqləndirici xüsusiyyəti olmaqla, fiskal intizamın qorunmasına dəstək verən faktorlar kimi çıxış edir.
Fikrimcə, elə 2027-ci ilin büdcəsində ən diqqətəlayiq göstəricilərdən biri qeyri-neft-qaz gəlirlərinin artmasıdır. Belə ki, bu gəlirlər 2026-cı illə müqayisədə 7,2 faiz artmaqla, ümumi büdcə gəlirlərinin 1,7 faizlik artım tempini xeyli üstələyir.
Daha bir mühüm göstərici struktur dəyişməsidir. Qeyri neft-qaz gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisi 2027-ci ildə 60,6 faizə yüksəlir. Yəni, büdcə gəlirlərinin hər 100 manatının 60 manatdan çoxunun qeyri neft-qaz sektorundan formalaşması nəzərdə tutulur. Bu, büdcənin neft-qaz sektorundan asılılığının mərhələli azaldılması istiqaməti üzrə müsbət struktur göstəricisidir.
Neft-qaz gəlirlərinin isə ötən illə müqayisədə gələn il 1,0 mlrd. manata yaxın azalması gözlənilir. Bu azalmanın fonunda ümumi büdcə gəlirlərinin artması qeyri neft-qaz sektorunun fiskal əhəmiyyətini daha aydın göstərir.
2027-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin, o cümlədən əmək haqqı xərclərinin artımı büdcə siyasətində sosial prioritetlərin qorunub saxlanıldığını və əhalinin rifahının artırılmasına göstərilən dəstəyi əks etdirir.Eyni zamanda hesab edirəm ki, sosial sahələrə ayrılan vəsaitlərin nəticələri - tibbi xidmətlərin əlçatanlığı, təhsildə keyfiyyət, sosial dəstəyin ünvanlılığı-müntəzəm ölçülməlidir. Vəsaitlərin artması ilə yanaşı, onların vətəndaşın gündəlik həyatına təsiri də əsas qiymətləndirmə meyarı olmalıdır.
Ümumiyyətlə, növbəti ildə funksional təsnifatın “Əsas bölmələrə aid edilməyən xərclər” bölməsi istisna olmaqla, digər bütün bölmələr üzrə artım nəzərdə tutulubdur.
Yeni büdcədə ölkə başçısı tərəfindən qəbul edilmiş bir sıra dövlət proqramlarının, habelə işğaldan azad edilmiş rayonların bərpası və yenidən qurulması xərclərinin maliyyə təminatı da diqqətdə saxlanmışdır, bu isə dövlət proqramlarında müəyyən edilmiş hədəflərin və prioritetlərin ardıcıl maliyyələşdirilməsinə, eləcə də işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasına və ölkə iqtisadiyyatına reinteqrasiyasına imkan yaradır. Belə ki, 2027–2030-cu illərdə bərpa və yenidənqurma işlərinə əlavə 13,2 mlrd. manat vəsaitin ayrılması, layihədə bu məbləğin həmin dövrün əsaslı xərclərinin 24,1 faizinə bərabər olacağını göstərir.
Beləliklə, artımın dayanıqlı olması üçün sahibkarlığın genişlənməsi, qeyri neft-qaz ixracının artırılması, könüllü vergi əməletməsinin gücləndirilməsi və vergi-gömrük inzibatçılığının rəqəmsallaşdırılması vacibdir, eyni zamanda büdcə gəlirlərinin artımı iqtisadi fəallığın genişlənməsi ilə müşayiət olunmalıdır. Bununla belə, hər bir layihə üzrə tamamlanma müddəti, iqtisadi səmərə, istismar xərcləri və regionlarda yaradılan iş yerləri barədə ictimaiyyətə daha sistemli məlumat verilməsi məqsədəuyğundur.
Sonda 2027-ci ilin büdcə layihəsindəki göstəriciləri müsbət qiymətləndirir və Parlament nəzarəti çərçivəsində bu vəsaitlərin nəticəliliyinə, investisiya layihələrinin icrasına və fiskal hədəflərin yerinə yetirilməsinə diqqət yetirilməsini vacib sayıram. Layihəni dəstəkləyir və Plenar iclasın müzakirəsinə tövsiyyə edirəm".


Şərhlər