Menu

"Onlar Azərbaycana gətirilərək qanun qarşısında cavab verəcəklər" - Elman Nəsirov

04.11.2026, 16:29
"Onlar Azərbaycana gətirilərək qanun qarşısında cavab verəcəklər" - Elman Nəsirov

Bir müddət öncə xaricdə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən bəzi blogerlərin ölkəyə ekstradisiyası ilə bağlı müəyyən fikirlər səsləndirilirdi. Hətta Baş Prokurorluq tərəfindən onlara qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi də açılıb. Belə olan halda həmin blogerlərin ölkəyə gətirilməsi və Azərbaycan qanunları ilə mühakimə olunması mümkündürmü?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən millət vəkili Elman Nəsirov bildirib ki, Azərbaycan hüquqi dövlətdir və burada qanunun aliliyi əsas prinsipdir. Heç kim qanunun fövqündə dayana bilməz:

"Hansı peşənin daşıyıcısı olmağın heç bir aidiyyatı yoxdur. Əgər cinayət törədilibsə, o zaman qanun qarşısında cavab vermək tələb olunur. Bu gün bəzi Avropa ölkələrində məskunlaşan azərbaycanlılar özlərini siyasi bloger kimi təqdim etsələr də, gecə-gündüz ölkəmizə qarşı dezinformasiya və yalan məlumatlar yaymaqla məşğuldurlar. Azərbaycana qarşı ideoloji müharibənin iştirakçılarıdırlar. Öz ağaları onlara sifarişlər verir və Azərbaycan əleyhinə yönəldirlər. Onlardan hələlik bu gün istifadə edirlər. Yəqin ki, bir gün öz ağaları onları istifadəyə yaramayan əlcək kimi kənara tullayacaqlar. Onlar faktiki olaraq Azərbaycan dövlətinə qarşı təxribatlarla məşğuldurlar. Azərbaycan Prezidenti İlham Əliyevin YAP-ın qurultayında qeyd etdiyi kimi, bu şəxslər müxtəlif informasiya resurslarına malik olaraq ölkəmizə qarşı təxribatla məşğuldurlar. Çalışırlar ki, Azərbaycanda vətəndaş itaətsizliyi yaratsınlar, xalqla hakimiyyət birliyini parçalasınlar. Dezinformasiya tirajlamaqla məşğuldurlar və onların niyyətlərinin nə olduğunu yaxşı bilirik. Bu şəxslər vətənə xəyanət yolunu seçiblər və milli dönükdürlər. Ona görə də, həmin şəxslərə qarşı Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi açılıb. Cinayət işi açılıbsa, deməli söhbət sadəcə zamandan gedir. Onlar gec-tez Azərbaycana gətiriləcək və qanun qarşısında cavab verəcəklər".

Millət vəkili əlavə edib ki, biz öz addımlarımızda şablonlardan uzaq olmalı, qabaqlayıcı addımlar atmalı və yeni yanaşmalarla mübarizəmizi aparmalıyıq:

"Bu nöqteyi-nəzərdən Azərbaycan Respublikasının 2007-ci il mayın 23-də qəbul edilən Milli Təhlükəsizlik Konsepsiyasında da dəyişikliyə ehtiyac var. Bu kansepsiya qəbul edilərkən torpaqlarımız işğal altında idi. Ona müvafiq olaraq da bizim hədəflərimiz müəyyən edilmişdi. Amma indi torpaqlarımız işğaldan azad olunub, suverenliyimiz tam təmin edilib. Mövcud təhdidlər, kiberhücumlar, dezinformasiya, süni intellekt kimi reallıqlar fonunda yeni Milli Təhlükəsizlik Konsepsiyasının qəbuluna ehtiyac var. Hesab edirəm ki, artıq milli-ideoloji təhlükəsizliklə bağlı da konsepsiya qəbul edilməlidir. Bu, artıq zamanın tələbidir və sözügedən istiqamətdə işlər getməlidir. Düşünürəm ki, bu addımların atılması artıq zərurətə çevrilib".

Müşviq Tofiqoğlu

Azpolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol