Ukrayna hökumətindəki mənbələrin verdiyi məlumata görə, 300 min tondan artıq Rusiya dizel yanacağı daşıyan səkkiz tanker hazırda ehtimal ki, Birləşmiş Ştatlara doğru hərəkət edir. Gəmilərdən yeddisi ABŞ-ı təyinat məntəqəsi kimi bəyan edib. Səkkizinci – Yunanıstanın Athina M tankeri də güman ki, eyni istiqamətə üzür.
Qeyd edək ki, sözügedən gəmilərdən dördü – Leruo, Primorye, Manta və Feliks – Avropa İttifaqının sanksiyaları altındadır və Aİ onları Rusiyanın "kölgə flotu"nun bir hissəsi hesab edir. Tankerlərin bu həftə və gələn həftə ərzində Amerika limanlarına çatacağı gözlənilir. Bəzi monitorinq qrupları ABŞ-yə istiqamət alan Rusiya yanacağı daşıyan gəmilərin ümumi sayının 13-ə çata biləcəyini bildirirlər.
Oktyabrın 9-da ABŞ Maliyyə Nazirliyi Donald Tramp və Vladimir Putin arasında əldə olunmuş razılaşmaların ardından Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü ilə bağlı əməliyyatlara icazə verən müvəqqəti general lisenziya verib. Bu addım yanacaq qiymətlərinə təzyiqi azaltmaq məqsədi gütsə də, Vaşinqtonda kəskin siyasi mübahisələr doğurub.
Nyu-Cersi ştatının qubernatoru, demokrat Miki Şerrill liman rəsmilərini və terminal operatorlarını xəbərdar edərək, Rusiya dizel yanacağının qəbulunun federal qanunları poza biləcəyini bildirib və buna qarşı hüquqi tədbirlər görəcəyini vəd edib. Demokrat senatorlar və bəzi respublikaçılar da Tramp administrasiyasının qərarının qanunvericiliyə zidd ola biləcəyini düşünürlər.
Ağ Ev bu addımın amerikan istehlakçıları üçün yanacaq qiymətlərini aşağı salmağa hesablandığını bildirir. Lakin bir sıra ekspertlər Rusiya yanacağının həcminin nisbətən az olması səbəbindən qiymətlərə real təsir göstərəcəyinə şübhə ilə yanaşırlar.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da Konqresə aralıq seçkilər keçirilib və prezident Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyası məğlubiyyətə uğrayıb. Tramp etiraf edib ki, məğlubiyyətin əsas səbəblərindən biri İrana qarşı müharibənin səbəb olduğu yanacaq qiymətlərinin artması olub.
“AzPolitika.info”


Şərhlər