Menu

Putin təyyarə terrorunu rusiyalılara necə təqdim edəcək? – “İstənilən versiyanı öz xeyrinə çevirəcək”

09.11.2015, 16:51
Putin təyyarə terrorunu rusiyalılara necə təqdim edəcək? – “İstənilən versiyanı öz xeyrinə çevirəcək”

Məlum olduğu kimi, 9268 nömrəli reyslə Misirdən Rusiyanın Sankt-Peterburq şəhərinə uçan “Metrojet” aviaşirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Bu acı xəbəri eşidən minlərlə insan öz hüzn və kədərlərini paylaşmaq üçün Sank-Peterburqun Saray meydanına toplaşmışdı. Analoji mitinqlər Rusiyanın digər şəhərlərində də keçirilib.

Faciənin baş vermə səbəblərini araşdıran mütəxəsislərin yekun qərara gəlməsi bir neçə ay vaxt apara bilər. Hələlik bu məsələ ilə əlaqədar önə çıxan iki versiya var: təyyarədə texniki nasazlıq olub (göstərilən pis xidmət nəticəsində) və ya da ki, təyyarənin gövdəsinə bomba yerləşdirilib. Əksər rusiyalılar birinci mülahizəyə inanırlar. Çünki zədələnmiş infrastruktur Rusiyanın özəl xüsusiyyətlərindən biri olduğuna görə, vətəndaşlar öz ölkələrindəki bütün texnikanın çürüdüyünə çox asanlıqla inanmağa hazırdırlar. Lakin amerikalı və britaniyalı rəsmi nümayəndələr, kəşfiyyat məlumatlarına əsasən bəyan edirlər ki, təyyarədəki partlayıcı qurğu işə salınıb. Böyük Britaniyanın baş naziri Devid Kameron deyib ki, təyyarəyə bomba yerləşdirilməsi ən çox ehtimal olunan variantdır. Amerikanlar isə əlavə ediblər ki, bu akt İŞİD və onun müttəfiqləri tərəfindən həyata keçirilib. Rusiya prezidenti Vladimir Putin isə baş verən qəzanın səbəbinin rəsmi təhqiqat işi sona çatmayana qədər bilinməyəcəyini söyləyib.

Əgər Kreml təyyarədəki sərnişinlərin terror aktı nəticəsində həlak olduqlarını etiraf etməyə məcbur olsa, onda o yeni problem ilə qarşılaşacaq. Bu problem isə təyyarənin məhv edilməsi ilə Rusiyanın Suriyadakı hərbi əməliyyatları arasında aydın şəkildə əlaqənin olmasından ibarətdir. Oktyabr ayında keçirilən ictimai sorğu göstərib ki, rusiyalıların əksəriyyəti Suriyadakı yaraqlılara qarşı aviazərbələrin vurulması əməliyyatını müdafiə edirlər. Amma rəyi soruşulan respondentlərin 40%-i bu əməliyyatların həm maddi, həm də insan həyatı baxımından baha başa gələcəyindən ehtiyat etdiklərini də söyləyiblər. Rəyi soruşulanların əksəriyyəti terror aktının baş verməsindən narahatdır. Təyyarə qəzasından üç gün sonra Putinin mətbuat katibi ictimaiyyəti “yersiz hipoteza”lardan uzaq durmağa çağıraraq, bildirib ki, baş verən qəza ilə Suriyadakı hadisələr tamamilə başqa-başqa məsələlərdir. Ancaq maraqlısı odur ki, həmin ana qədər hələ heç kim bu hadislər arasında əlaqənin olması barəsində açıq şəkildə bir söz söyləməmişdi.

Putin-ishidRusiyanın dövlət nəzarətindəki televiziya kanalları ölkədəki ictimai fikrin dəfələrlə Kremlin xeyrinə tərəf yönəldilməsi bacarığını nümayiş etdiriblər. Buna ən bariz misal kimi Ukrayna səmasında vurulmuş Malayziya təyyarəsi ilə bağlı məlumatların Rusiya televiziyalarında necə işiqlandırılmasını göstərmək olar. Xarici mənbələrin ortaya qoyduqları şübutlar, təyyarənin məhz rusiyapərəst yaraqlılar tərəfindən vurulduğunu dünyaya inandıra bildi. Beləki, Kremlin bütün gücü ilə Qərb mənbələrini təkzib etməsi onun bu qarşıdurmadakı işini asanlaşdırırdı. İndiki halda Qərbin versiyalarını təkzib etmək asan olmayacaq. Lakin bu çətin ki, hakimiyyət üçün ictimaiyyətin arzuolunmaz reaksiyasını dəf etməyə mane ola bilsin. “Azadlıq “radiosunun aparıcısı Arina Borodina bildirib: ”Məsələyə yekun vuracaq istənilən versiyanı Putin mütləq öz xeyrinə çevirəcək. Çünki Kremlə tabe olan televiziya kanalları bütün resurslarından var gücləriylə istifadə edərək Putinin istədiyini həyata keçirəcəklər”.

Hətta Kreml amerikan kəşfiyyatının verdiyi məlumatın doğruluğunu təkzib edə bilməsədə, uzun müddət ərzində bununla razılaşmamağa çalışacaq. Ancaq əgər Rusiya hökuməti ümumi yekunda terror aktının olması faktı ilə razılaşsa, onda Putin bunu vətənpərvərlik səfərbərliyi üçün istifadə etməyi bacaracaq.

Aviaqəza ilə heç bir rəsmi əlaqəsi olmayan tədbirdə Putin bildirib ki, rus xalqını qorxutmaq heç vaxt, heç kimə müyəssər olmayıb və buna cəhd etmək perspektevsiz məşğuliyyətdir. O, həmçinin əlavə edib ki, Rusiyanın Suriyadakı məqsədi ən əvvəl terrorla mübarizə aparmaqdan ibarətdir. Rusiya ordusunun Suriya kampaniyası öncəsi 30 sentyabr tarixində Putin deyib: ”Beynəlxalq terrorizmə qarşı yeganə doğru yol, həmin yaraqlıların zəbt etdikəri ərazilərdə məhv edilməsidir, onların bizim evimizə gəlməsini gözləmək olmaz”.

Təyyarənin qəzaya uğramasından dörd gün sonra, hələ insanların üzərindən hüzn və matəmin keçməməsinə baxmayaraq, Rusiya milli birlik gününü qeyd etdi. Moskvada 85 min insanın iştirakı ilə təntənəli tədbirlər keçirildi. Tədbir iştirakçıları Rusiyanı və Putini tərənnüm edən plakatlar aparırdılar. Faciəli şəkildə həlak olmuş 224 nəfərin xatirəsi isə bu vətənpərvərlik nümayişinə heç bir kölgə salmırdı.

Ola bilər ki, yaxın günlərdə rusiyalıların beynəlxalq terrorizmə qarşı qətiyyətli mübarizə ruhu barəsində Putinin tərif dolu çıxışını eşidək. Yəqin ki, belə bir yanaşma tərzi, nə Putinin nəhəng populyarlığına xələl gətirəcək, nə də ki, Suriya kampaniyasının zəruriliyinə rusiyalılarda şübhə oyadacaq. Ancaq bütün bunlara baxmayaraq, Suriyadakı əməliyyatlar hələ də təhlükəli olaraq qalır və bu rusiyalılar üçün hədsiz baha başa gələ bilər. (“New-Yorker” -ABŞ)

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol