Gələn ilin fevralından Azərbaycanda ödənişli əsaslarla təhsil alan tələbələrdə təqaüd alacaqlar. ANS PRESS-in məlumatına görə, bu barədə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında" deyilir.
İlham Əliyevin təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi ilə imzaladığı sənədin 1-1 bəndində deyilir: "Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu Sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.”
Həmin sərəncama görə, həmçinin tələbələrin təqaüdləri də artırılıb. Təqaüd sistemində aşağıdakı dəyişikliklər edilib:
Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 120 manat
Magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə- 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 55 manat
Bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 50 manat
Orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə – 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə – 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə – 35 manat”.
Sərəncamın icrası Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.


Şərhlər