"Beynəlxalq Bank işi" çərçivəsində bu il mayın 17-də Ukraynadan cərrahiyyə əməliyyatından qayıdarkən H.Əliyev adına Hava Limanında DİN BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılan, bir neçə gündən sonra sərbəst buraxılsa da ölkədən çıxışına qadağa qoyulan II qrup əlil Quliyev Ramiz Mirzə oğlu oktyabrın 26-da "AzPolitika.info" vasitəsilə Daxili İşlər naziri Ramil Usubova müraciət etmişdi. R.Quliyev müraciətində bildirirdi ki, idarədə saxlanılmağının səbəbi Beynəlxalq Bank işi ilə əlaqələndirilib, deyilib ki, Beynəlxalq Bankın verdiyi siyahıda onun da adı olub.
"Lakin mənim bu bank qarşısında heç vaxt heç bir öhdəliyim olmayıb. Bunun sübutu kimi, 10.07. 2005-ci il tarixdə yazılı müraciətimə Beynəlxalq Bank və Milli Bank tərəfindın verilmiş cavabları Sizə təqdim edirəm. Mənim Azərbaycanda yerləşən heç bir banka nə borcum, nə də onlar qarşısında öhdəliyim yoxdur.
Cənab Nazir! Belimdə ikinci əməliyyatın vaxtı keçir. Ölkədən çıxmağım yasaqlandığı üçün, mən əməliyyat üçün xaricə gedə bilmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm ki, xaricə çıxışımla bağlı qadağanın götürülməsi üçün lazımı göstəriş verəsiniz”.
Müraciətinə DİN başçısı tərəfindən dərhal reaksiya verilən, 2 günlük araşdırmadan sonra ölkədən çıxışına qadağa götürülən R.Quliyev, bu həssaslığa görə nazir Ramil Usubova təşəkkürünü bildirir. Artıq Ukraynada olan Quliyev "AzPolitika.info"ya müraciət edərək, DİN başçısına təşəkkürünü çatdırmağı xahiş edib.
"Cənab nazirə müraciətimə operativ və ədalətli reaksiya verdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Həmçinin, mənimlə bağlı anlaşılmazlığın aradan qaldırılması üçün əlindən gələn köməyi əsirgəməyən hüquq müdafiəçisi Novella Cəfəroğluna da təşəkkür edirəm".
V.Nəsibov

Şərhlər