Azərbaycanda neft hasilatı bu il 41 milyon 243 min ton səviyyədə proqnozlaşdırılır.ANS PRESS-in məlumatına görə, bu barədə hökumətin proqnozlarında bildirilir. Proqnozlara görə, Azərbaycanda 2015-ci ildə qaz hasilatı isə 30 milyard 110 milyon kub metr təşkil edəcək.
2015-cı il yanvar-oktyabr aylarında ölkədə 35 milyon 25,8 min ton xam neft (qaz kondensatı daxil olmaqla) çıxarılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır. Cari ilin 10 ayı ərzində 24 milyard 545,8 milyon kub metr təbii qaz çıxarılıb ki, bu da keçən ilin analoji dövrünün göstəricisindən 2,7% aşağıdır.
Keçən il Azərbaycanda bütovlükdə 41,9 milyon ton neft, 29 milyard 615,3 milyon kub metr qaz çıxarılıb.
İranda isə tam əks mənzərə müşahidə edilir. İran 5-6 ay ərzində günlük neft hasilatını 1 milyon barel artırmaq niyyətindədir. Bu ölkənin neft nazirinin müavini Əmir Hüseyn Zamaniniya bildirib ki, 5-6 ay ərzində Tehran neft istehsalını gündə 1 milyon barel artırmaq fikrindədir.
Onun sözlərinə əsasən, neft istehsalının artırılması o şərtlə həyata keçiriləcək ki, OPEK-in (Neft İxrac Edən Ölkələr Birliyi) kvotası dəyişməz olaraq qalsın.
“Buna görə də biz OPEK-lə uyğunlaşmaq fikrindəyik. Bu da gün ərzində 30 milyon barel deməkdir (OPEK-in kvotası)”, - deyə nazir müavini qeyd edib.
Bundan əvvəl bildirilmişdi ki, İran sutka ərzində 500 min barelə qədər neft ixracını artırmağa hazırlaşır. Hətta, planlaşdırılıb ki, 2016-cı ildə gün ərzində ixrac 1 milyon barelə yüksəlməlidir.
İranın əsas ümidləri Asiya ölkələridir, çünki sanksiyalara görə qərb şirkətləri gələn ilin əvvəlinə kimi ölkə ərazisinə daxil ola bilməyəcək.


Şərhlər