Türkiyənin Antalya şəhərində Ümumdünya O-Sport Federasiyası (WOF) tərəfindən 8-ci dünya çempionatı keçirilib. Noyabrın 25-29-u aralığında təşkil olunan turnirin ilk 2 günündə kişilər mübarizə aparıb. Yarışda Azərbaycan təmsilçiləri parlaq çıxışları ilə yadda qalıblar. “Wing Chun” idman klubunu təmsil edən idmançılarımız 4, ümumilikdə isə ölkəmizin təmsilçiləri 9 medal qazanıblar.
Türkiyəyə yollanan hər 4 idmançımız vətənə medalla qayıdıb. Ömər Allahverdiyev (50 kq) və Urxan Orucov (70 kq) qızıl, Vaqif Kərimli (75 kq) gümüş, Arzuman Rəsulzadə (65 kq) isə bürünc medalı boynundan asıb.
3 qat dünya, 8 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Urxan Orucov maddi və mənəvi dəstəyə görə VİTTA Grupun prezidenti Kamil Quliyevə, “Wing Chun” idman klubunun vitse-prezidenti İlqar Mustafayevə, klubun prezidenti və şəxsi məşqçisi Asif Sayadova, məşqlərinə kömək və şərait yaradan “Orion” idman klubunun rəhbərliyinə və məşqçi Zaur İsaqova, həmçinin Müşfiq Hüseynliyə minnətdarlığını bildirib.
Qeyd edək ki, Ümüdünya O-Sport Federasiyası (WOF) 2005-ci ildən fəaliyyət göstərir. Bu Federasiyaya üzv olan 69 ölkə arasında Azərbaycan da var. Hazırda bu qurum Beynəlxalq Olimpiya Komitəsinə (İOC) üzv olmağa namizədlərdən biridir.










Şərhlər