«Bu təxribata sadə baxmaq olmaz. Düşmən o qədər hiyləgər və məkrlidir ki, heç nəyi səbəbsiz etmir. Yaranan hər situasiyadan istifadə etməyi çalışır. Bu, daşnak fəlsəfəsinin göstəricisidir».
Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri, polkovnik Eldar Sabiroğlu son vaxtlar cəbhə bölgəsində vəziyyətin gərginləşməsini şərh edərkən bunları deyib.
Onun fikrincə, cəbhədə atəşkəsin pozulması təsadüf deyil. “Cəbhə xəttində son bir ayda gərginliyin artmasını, erməni silahlı qüvvələrinin hər gün atəşkəs rejimini iriçaplı silahlarla pozmasını təsadüfi saymaq olmaz. Düşmənin məqsədi var. Böyük regional qarşıdurmadan istifadə edilərək, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq gündəmə gətirilməsinə ciddi cəhd edilir. Bu hiyləgər hərbi-siyasi gedişlər Su-24 qırıcı təyyarəsinin vurularaq yerə düşürülməsi ilə əlaqədardır. Rusya telekanallarına baxdıqda hər şeyi aydın görə bilərik. Demək olar ki, bütün müzakirələrdə və teledebatlarda iki erməni politoloqunun və yaxud başqa peşə sahibinin dəvət edilməsi və orada Dağlıq Qarabağ məsələsi ilə bağlı fikirlərin səsləndirilməsi ciddiyə alınmalıdır. Belə davam etdiyi halda, bu tendensiya daha geniş vüsət alaraq, bölgədə gərginliyin yüksəlməsinə rəvac verə bilər”.
E.Sabiroğlunun fikrincə, Rusiya telekanalları açıq və sərt formada millətçilik əhval-ruhiyyəsini təbliğ edir ki, bundan da erməni şovinistləri istifadə etmə başlayıblar. “Getdikcə Cənubi Qafqazda vəziyyətin daha kəskin hal alacağını diqqətdən qaçırmaq olmaz. Son zamanlar Rusiyanın bəzi siyasətçilərinin, xüsusilə Dumanın üzvlərinin, başda Jirinovski olmaqla, Türk və müsəlman dünyasına qarşı hədə dili ilə danışmaları Ermənistanı daha da ruhlandırır. Və çox maraqlı hadisələrdən biri də budur ki, Rusiya Gümrüdəki 102-ci hərbi bazasını döyüş vəziyyətinə gətirmişdir. Ermənistanın özünə də silah-sursat göndərilməsinə yenidən start vermişdir. Üç gün əvvəl Rusiya Silahlı Qüvvələrinə aid olan 14 helikopterin Ermənistana göndərilməsi ümumi mənzərəni çılpaq şəkildə meydana qoyur. Helikopterlər İrəvanın 15-20 km-dəki hərbi bazaya yerləşdirilmişdir. Bu hərbi texnikanın yeddisi müasir tipli Mİ-24P döyüş helikopteri olmaqla, digər yeddisi isə M-8 MT nəqliyyat helikoterləridir. Bu, hələlik bizim bildiklərimizdir, yəni cüzi hissəsidir. Yəqin bundan sonra da Rusiyadan Ermənistana silahların davamlı olaraq göndərilməsinin şahidi olacağıq. Ümumiyyətlə, şimal qonşumuz Ermənistana həmişə regionda strateji tərəfdaşı, daha doğrusu forpostu kimi bütün sahələrdə, eləcə də hərbi sferada yardımlarını əsirgəməmişdir. 2008-2011-ci illər arasında Ermənistana 1,5 milyarddan artıq dəyəri olan ağır hərbi texnika və silah-sursatın əvəzsiz olaraq çatdırılmasını təmin etmişdir. Bütün bunlar onu ortaya qoyur ki, SU-24-ün vurulması Rusiyanı çox qəzəbləndirmiş və bu qəzəbin Azərbaycana sıçramamasına da heç bir təminat yoxdur. Son bir ayda cəbhədə baş verən hadisələr, erməni silahlı qüvvələrinin ara vermədən atəşkəs rejimini pozmaları dediklərimizin əyani sübutudur”.
Vaqif NƏSİBOV


Şərhlər