Jurnalist İlkin Əhmədov manatın ikinci kəskin devalvasiyasından sonra yenidən ictimai nifrətin hədəfinə çevrilmiş Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun oğlu ilə bağlı Feysbukda maraqlı post paylaşıb. İ.Əhmədov yazır:
“Elman Rüstəmovun oğlu mənim əsgərim olub: Cəlilabadda yerləşən N saylı hərbi hissə, 2007-ci ilin iyul çağırışı, Artilleriya divizionunun 3-cü batareyasının İdarəetmə tağımının əsgəri... Hərbi andı içməyə qədər gəlmişdi, ardınca MOİK-ə ezam olunacaqdı, digər məmur övladları kimi.
Yadımdadır ki, o, hərbi hissəyə ilk dəfə Audi Q7 ilə gəlmişdi. Təbii ki, özü yox, sürücüsü sürürdü. Maşını Qərargahın qarşısında saxlatdırıb düşdü, sağa-sola, sonra komandirə baxıb dedi: "Əmi, bura da pis deyil a, bəlkə burada qalım, SKA-ya getməyim?"
Baş bankirin oğlunun “əmi” deyə müraciət etdiyi komandir Qarabağda qızğın döyüşlərin getdiyi vaxt 5 əsgəri ilə silahlı ermənilərin mühasirəsindən çıxan tabor komandiri idi. Mühasirədən çıxan zaman dizindən güllə yarası almışdı.
İndi də Elman Rüstəmov deyir ki, dəbdəbəli malların idxalını məhdudlaşdırmaq lazımdır. A bəy, sənin oğlun 2007-ci ildə Q7 sürürdüsə, indi yəqin vertolyotda gəzir! Dünyanın maliyyə mərkəzi hesab olunan Wall Street-də oturanlar işə qiyməti maksimum 20 min dollar olan maşında gəlir, Elman bəy son model BMW-də...”
Günümüzlə uzlaşan, ibrətamiz açıqlamadır.



Şərhlər