Azərbaycan Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayev ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Kristofer Smitin insan haqları pozuntularında əli olan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar nəzərdə tutan "Azərbaycan Demokratiya Aktı"-na cavab olaraq qanunvericilik təşəbbüsü ilə çıxış edir.
Helsinki Komissiyasına sədrlik edən Nyu-York ştatının nümayəndəsi Kris Smit bildirib ki, ABŞ-ın Azərbaycanla ortaq maraqları olsa da, Azərbaycanda insan haqları sahəsindəki pozuntular iki ölkə arasındakı əməkdaşlığa mane olur. Onun sözlərinə görə İlham Əliyev hökümətinə sərt mesaj göndərməyin vaxtı çatıb və elə bu səbəblə də cənab Smit “2015 Azərbaycan Demokratiya Aktı” adlı sanksiyalar paketi tərtib edib.
Azərbaycanın yerli medasının məlumatına görə, Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev konqresmen Smitə cavab olaraq Azərbaycan parlamentinə “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qanun layihəsi təqdim edib.
Rövşən Rzayev Amerikanın Səsinə müsahibəsində belə bir qanun layihəsini hazırladığını təsdiq edib, amma hələ Milli Məclisə təqdim etməyib.
Qanun layihəsinin hazırlanmasını o, belə əsaslandırıb: “Məqsədim ondan ibarətdir ki, ABŞ-da Azərbaycana qarşı işlər erməni lobbisinin təkidi altında aparılır. Azərbaycanı bu cür təqdim eləməklə Amerikada yaşayan erməni lobbisinin təkidi altında göstərmək istəyirlər ki, Azərbaycan nə qədər zəif haldadır ki, Dağlıq Qarabağ bunların tərkibində qala bilməz. Son nəticədə bu ona işləyən haldır. Bu məni çox narahat edir. Bu məsələni biz cavabsız qoya bilmərik,” o, qeyd edib.
“Sizin layihəniz qəbul olunarsa Azərbaycan geopolitik, siyasi, iqtisadi baxımdan nə qazana bilər?” - sualına cavabda R.Rzayev deyib ki, Azərbaycan öz mübarizəsini edir.
“Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın ərazisi işğal altındadır. Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək üçün öz mübarizəsini aparılmalıdır. Təbii ki, Azərbaycan özünün bildiyi addımları atmağı bacarmalıdır. Mən də bu məsələni Milli Məclisdə qaldırıb Azərbaycanın ərazi bütövlüyünü qorunması istiqamətində, Azərbaycana bu cür təkidlərin sona gətirilməsindən ötəri öz düşüncəmi irəli sürmək istəyirəm,” deputat bildirib.
Yerli media Rzayevin hazırladığı qanun layihəsinin mətnini dərc edib. “Mən hələ layihənin üzərində işləyirəm və mediaya bu layihəni təqdim etməmişəm. Görünür haradansa mediaya sızıb,” o, qeyd edib.


Şərhlər