Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev "Türküstan" qəzetinin yazarı Sərxan Carçının Stalin repressiyası dövründə həbs olunmuş və sonradan güllələnmiş ulu babası haqda müraciətini qısa müddətdə cavablandırıb.
Milli.az xəbər verir ki, bununla bağlı Sərxan Carçı bildirib: “Babamın atasının həbsi ilə bağlı arxivdəki sənədləri və varsa fotosunu əldə etmək üçün Milli Təhlükəsizlik Nazirliyinin əvvəlki rəhbərliyinə dəfələrlə xahiş məktubu yazıb, aylarla gözləsəm də, onlar "Vətəndaşın müraciəti haqqında" qanunu tapdalayaraq heç bir cavab yazmırdı. Nazirlikdə rəhbərlik dəyişəndə birbaşa general Mədət Quliyevə məktub yazdım. Heç bir cavab gözləməsəm də, bir neçə gün keçmiş telefonuma zəng gəldi. Zəng vuranlar babam Musa Carçıyevin sənədlərinin tapıldığını bildirdilər. MTN-in arxiv əməkdaşları o sənədləri mənə verəcəklərini dedilər. Amma öncə onlara kəndimizin icra nümayəndəsindən, həqiqətən o kişinin nəvəsi (varisi) olmağımla bağlı sənəd təqdim etməli idim. Tələb olunanı verib ən qısa müddətdə sənəd arxivini, hətta fotosunu əldə etdim”.

Xatırladaq ki, Musa Abbas oğlu Carçıyev məlum repressiya dövründə 3 il azadlıqdan məhrum edilib və 1938-ci ildə "əksinqilabi fəaliyyət" və "antisovet təbliğatı" maddələri ilə təqsirli bilinərək güllələnib.


Şərhlər