Ucar rayonu Alpout kənd sakini Səfərov Ağaqulu Qəfər oğlu "AzPolitika.info" saytı vasitəsilə hüquq-mühafizə orqanlarının rəhbərlərinə şikayət məktubu ünvanlayıb. Həmin mətubu kişik ixtisar və zəruri redaktə ilə dərc edirik:
"Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədov 11.000 manata aldığım maşınımı əlimdən alır. Belə ki, 13.06.2015-ci il tarixdə Sumqayıt sakini olan Mehdiyev Rəşad İbrahim oğlundan 99 GZ 932 dövlət nişanlı "Ford Transit" avtomobilini 11.000 manata aldım. Avtomobil mənim adıma rəsmiləşdirilərək, 99 KX 661 dövlət nömrə nişanı verildi. 2015-ci ilin sentyabrında Gəncə şəhəri Kəpəz rayon məhkəməsi tərəfindən iclasda iştirak etməyim üçün mənə bildiriş təqdim edildi.
Məhkəmə iclasında xəbər tutdum ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərmişdir ki, 99 GZ 932 nömrə nişanlı "Ford Transit" markalı avtomobil ona məxsus olub. Tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui-istifadə edərək, həmin maşını təmir etdirib alacağını bildirib. Və ona 3000 manat beh verib. Sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib.
Bundan sonra himayədarı, dəfələrlə əlbir olub belə əməllər həyata keçirdiyi 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə avtomobili adına sənədləşdirərək, əvvəlcə Rəşad Mehdiyevə, sonra isə mənə satmışdır.
Qeyd edim ki, Seymur Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus iki avtomobili etibardan sui-istifadə edərək ələ keçirib. Və Tariyel Məmmədovun köməkliyi ilə saxta etibarnamə əsasında onları sənədləşdirib.
Həmin avtomobillərin ikincisini isə Qubadlı rayonundan olan məcburi köçkün Həsənov Mübariz Həsən oğluna satıb. Kəpəz rayon Məhkəməsi iddianın təmin edilib, hər iki avtomobilin alqı-satqı və qeydiyyat sənədlərinin etibarsız hesab edilməsi, iddiaçı Şamil Abbaslıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxarıb.
9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədov isə özünü və himayə etdiyi dələduz Seymur Rzayevi cinayət məsuliyyətindən yayındırmaq üçün məhkəməyə külli miqdarda rüşvət vermişdir. Buna görə də hər ikisinin - Tariyel Məmmədovun və Seymur Rzayevin əməllərində cinayət tərkibinin olmasına baxmayaraq, Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimov onların barəsində qanuni tədbirlər görülməsinə dair xüsusi qərar çıxarmamışdır.
Bu necə olur ki, etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili dələduzluq və saxtakarlıqla sənədləşdirən iki nəfər şəxsin barəsində heç bir tədbir görülmür?
Qanunda nəzərdə tutulmuş qaydada Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edib korrupsiya cinayətləri ilə məşğul olduğu üçün barəsində dərhal cinayət işi başlanılıb tədbirlər görülməlidir.
Mən bu korrupsiya şəbəkəsinin əməlləri barədə Baş Prokurora, Daxili İşlər Nazirinə və Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə şikayət ərizələri ilə müraciət etmişəm.
Həmçinin mətbuat vasitəsi ilə də onlara müraciət edib xahiş edirəm ki, Gəncə 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin rəisi, polis polkovnik-leytenantı Tariyel Məmmədovun və onun himayə etdiyi Gəncə şəhər sakini Seymur Rzayevin barəsində qanuni tədbirlər görəsiniz.
Onların barəsində cinayət işi başlanılmalı və bizim zərərçəkən kimi tanınmağımıza dair qərar qəbul edilməlidir. Xahiş edirəm nəzərə alasınız".
P.S. Məktubda yazılanlarla bağlı adları şəkilən şəxslərin və Daxili İşlər Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq.









Şərhlər