Səudiyyə Ərəbistanının neft naziri Əli Əl-Nəimi neft qiymətlərinin artmasını gözlədiyini açıqlayıb. Əl Nəimi, bazar qüvvələri və istehsalçı ölkələrin birlikdə hərəkət etməsilə sabitliyin təkrar təmin olunacağını ehtimal edir.
Əl-Nəimi, "Gələcək haqqında, sabitliyin, qlobal neft bazarına qayıdacağı, qiymətlərin yaxşılaşacağı və böyük istehsalçı ölkələrin harmoniya içində olacağı məsələsində nikbinəm. Bazar qüvvələri və bununla yanaşı istehsalçı ölkələrin birlikdə hərəkət etməsi hər zaman sabitliyin bərqərar olunmasına yol açmışdır. Ancaq bu bir az zaman alır" deyib.
Əl-Nəimi, İrana qarşı sanksiyaların qaldırılmasının neft qiymətləri üzərindəki mümkün təsirləri haqqında sualları cavabsız qoyub. İran, sanksiyaların qaldırılması ilə bu il ərzində neft ixracını gündə 1 milyon barrelə çıxarmağı planlaşdırır.
Dünya neftinin təxminən 40%-ni istehsal edən OPEC, 4 Dekabrda Səudiyyə Ərəbistanı rəhbərliyi altında istehsala dair kvotanı qaldırmışdır. OPEC bu qərarını Rusiya və ABŞ-dakı neft istehsalçılarını bazardan sıxışdırıb çıxartmaq məqsədi ilə vermişdir. OPEC-in qərarı qlobal miqyasda təklif artıqlığını daha da şiddətləndirərək qiymətlərin daha da düşməsinə səbəb olmuşdu.
Səudiyyə Ərəbistanı Dekabrda gündə 10.25 milyon barel neft hasil edib. Bloomberg-in məlumatlarına görə, Səudiyyə Ərəbistanı keçən ilin eyni dövrü ilə müqayisədə gündə 750,000 barrel daha çox istehsal həyata keçirib. /"Marja"


Şərhlər