Menu

Prezident yenə maaşları və müavinətləri artırdı - Sərəncamlar

19.01.2016, 18:04
Prezident yenə maaşları və müavinətləri artırdı - Sərəncamlar

Azərbaycan Prezidenti İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

ANS PRESS-in məlumatına görə, fərmanda qeyd olunur ki, müharibə əlillərinin sosial müdafiəsini gücləndirmək məqsədilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılsın.

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada verilir:

“1.1. I qrup əlillərə – 165 manat

1.2. II qrup əlillərə – 143 manat

1.3. III qrup əlillərə – 110 manat.”.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərman imzalayıb. Bu sənədə əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli fərmanı ilə müəyyən edilmiş sosial müavinətlərin məbləği 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Prezidentin digər fərmanları ilə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 1 fevral 2016-cı il tarixindən 10% artırılıb.

 

Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət büdcəsindən maliyyələşdirilən kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılsın.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

 

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol