Menu

Deputatın külli miqdarda pulunun oğurlandığı təsdiqləndi (Yenilənib)

23.01.2016, 16:20
Deputatın külli miqdarda pulunun oğurlandığı təsdiqləndi (Yenilənib)

Virtualaz.org saytına Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, bir neçə gün bundan əvvəl “Odlar yurdu” universitetindən içərisində 500 min manat pul olan seyf oğurlanıb.

Hələlik ancaq o məlumdur ki, polis işçiləri cinayəti törətməkdə şübhəli bilinən şəxsin izinə düşüblər. Məlumatda vurğulanır ki, şübhəli kənar şəxsdir və universitetə heç bir aidiyyatı yoxdur.

Seyf universitetin əməkdaşlarından birinin yardımı ilə oğurlanıb.

Fakt üzrə araşdırma davam etdirilir.

***

"Bir təhsil müəssisəsində 700 min manat necə ola bilər? Məgər kassirəm? Tamamilə yalan məlumat yayıblar. Özü də otağım elə bir mərtəbədə yerləşir ki, oğrunun ora daxil olması qeyri-mümkündür".

Bu sözləri deputat, Odlar Yurdu Universitetinin rəhbəri və İdarəetmə Şurasının üzvü Əhməd Vəliyev iş otağındakı seyfindən 700 min manat oğurlanması xəbərindən danışarkən deyib.

Ə.Vəliyev il ərzində toplanan təhsil haqlarının ancaq 700 min manatı keçə bildiyini qeyd edib: “İndiki iqtisadi vəziyyətdə ali məktəbdə bu qədər pul olması mümkün deyil. Bu saat banklardan kredit götürüb maaşları ödəyirik. Tələbələrin cəmi 20-30 faizi təhsil haqlarını ödəyə bilib.

Nə zavodumuz, nə fabrikimiz var. Belə vəziyyətdə universitetdə 700 min manat nə gəzir? Hətta belə bir oğurluq faktı olsa belə, bu cinayəti edən yaşaya bilməz. Çünki banklardan kredit götürüb maaşları veririk, tələbələr təhsil haqqını ödəyə bilmir və o pulu yemək olmaz. Tələbələri də başa düşürəm.

Valideynlərlə də görüşüm olub və təhsil haqlarının artırılmayacağını demişəm. Eyni zamanda, müəllimləri də ixtisar etməmişik. Bu gün yaranan iqtisadi şəraitdə müəllimi ixtisar etmək onu öldürməkdir”.

Deputat bildirib ki, seyfindən pul oğurlanması xəbərini yayanlar onu sevməyənlər ola bilər: “Dünyanın heç bir dövlətində mətbuat bu xəbərləri dəqiqləşdirmədən yaymır. Kimisə sevməmək olar, amma bir təhsil müəssisəsini nüfuzdan salmaq doğru deyil.

Bu universitet tələbələrin, valideynlərindir. Rəhmətlik Heydər Əliyevin xeyir-duası ilə bu ali məktəbi təsis etmişəm və indi 70 yaşımda da işləyirəm, təhsil üçün hamballıq edirəm”.

Qeyd edək ki, “Criminal.az” saytı Ə.Vəliyevin seyfindən 700 min oğurlandığını və 12 gündür cinayəti edənlərin tapılmadığını yazıb. Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, saxlanılan yoxdur.

***

Bir neçə gün əvvəl Bakıda rektorun külli miqdarda pulunun oğurlanması barədə xəbər vermişdik.

Məlumata görə, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyevin iş otağı qarət olunub.

Criminal.az-a daxil olan məlumata görə, yanvarın 8-də naməlum şəxslər rektorun iş otağına girərək içərisində 700 min manat məbləğində pul olan seyfi oğurlayıb.

Artıq həmin hadisədən 12 gün keçməsinə baxmayaraq, oğrular hələ də azadlıqdadır. Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a bildirildi ki, oğurluq hadisəsi ilə bağlı saxlanılan yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol