Menu

Neftdə enişi proqnozlaşdırmış treyder: dib görüldü! - "70 dollara yüksələcək"

23.01.2016, 14:56
Neftdə enişi proqnozlaşdırmış treyder: dib görüldü! - "70 dollara yüksələcək"

Daha əvvəl neft qiymətlərinin düşəcəyini əvvəlcədən düzgün proqnozlaşdıran Andurand Capital Management qurucusu Pierre Andurand əmtəənin ehtimalla dibi gördüyünü və ili yüksəlişlə bitirəcəyini gözləyir.

Bloomberg International-a danışan Pierre Anduranda görə, neftin barrelinin qiyməti bu il 50 dollara, 2017-də isə 70 dollara yüksələcək.

Andurand, "Çox aşağı qiymətlərin ardından çox yüksək qiymətləri görə biləcəyimiz bir dünyadayıq. Məncə qiymətlər dibi gördü" şərhini edib.

Andurand, neft qiymətlərinin bu ilin birinci rübündə 25 dolları görə biləcəyini proqnozlaşdırmışdı. Qərbi Teksas tipli neftin barrelinin qiyməti 20 Yanvarda 26.19 dollara qədər düşmüşdü.

Qeyd edək ki, Brent neftinin barrelinin qiyməti 10%-ə qalxaraq gecə saatlarında 32,25 dolları, ABŞ xam nefti isə 9% qalxaraq 32,28 dollara çıxıb.

Qeyd edək ki, Brent nefti Yanvarın 20-də 27,17 dollaradək düşmüşdü. Həmin dib səviyyə ilə müqayisədə artıq neft təxminən 19% bahalaşıb.

İSTEHSALÇI ÖLKƏLƏRƏ GÖRƏ ÇÖKÜŞ DAVAM EDƏ BİLMƏZ

İstehsalçı ölkələrə görə neftdəki çöküş davam edə bilməz

Davosda keçirilən Dünya İqtisadi Forumunda neft istehsalçısı olan ölkə iştirakçılarının üzərində fikir birliyinə gəldiyi bir məsələ var: Neftin düşməsi daha çox davam edə bilməz

"Marja" xəbər verir ki, Qazaxıstandan Nigeriyaya, Azərbaycandan Səudiyyə Ərəbistanına, Dünya İqtisadi Forumunda danışan rəsmilərinə görə, qlobal miqyasdakı neft təklifi bolluğu bu il azalacaq. Onlar son 12 ilin ən aşağı səviyyəsini görən qiymətlərin, investisiyalar və hasilatda azalmaya səbəb olacağı məsələsində həmfikirdirlər.

2008 maliyyə böhranını təxmin edən iqtisadçı Nouriel Roubini belə, qiymətlərin 2016-da aşağı səviyyələrdən qalxacağına inanır.

"Roubini Global Economics LLC"nin idarə heyətinin sədri Nouriel Roubini, "Neft qiymətləri indiki səviyyələrdən də aşağı düşə bilər. Ancaq bareli 20 dollar səviyyəsinə qədər düşərsə, bu səviyyədə qalacağını düşünmürəm. O nöqtədə, qazanc olmadığından istehsala davam etməyən istehsalçılar olacaq və hasilatlarını azaldacaqlar. İlin sonundan etibarən, neftin qiyməti 40 dolların üzərində olmalıdır, çünki əsas göstəricilər 30 dollardan aşağı neft qiymətini təsdiq etmir",- deyib

Baş nazir Karim Massimovun açıqlamalarına görə, Qazaxıstan, 2016-nın ilk 6 ayında neftin 20 dollara düşəcəyini proqnozlaşdırsa da, ikinci 6 aylıq dövrdə qiymətlərin 30 ilə 40 dollara qədər qalxacağını gözləyir. Massimov, yenə də, "ucuz neft dövrünün" 5- 7 il davam edəcəyini və Qazaxıstanın neftin barrel qiymətinin 16 dollara qədər düşməsi halına da hazır olduğunu söyləyib.

Davosda Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Zənnimcə, daha 2-3 dollar enmə ola bilər. Daha sonra ilin ikinci yarısında bazar böyüməyə başlayacaq. Çünki biz hamımız bilirik ki, bu, dövri sistemdir. Böyük neft inkişafı layihəsini 1994-cü ildə işə salan zaman neftin qiyməti ümumiyyətlə 12 dollar idi. Bu da normal qarşılanırdı. O vaxt inkişaf planlaşdırılması aparılan zaman xatırlayıram, optimist ssenariyə görə neftin qiyməti 23 dollar götürülmüşdü. İndi də 22 il əvvəlki optimist ssenariyə çox yaxınıq.

Ümid edirəm ki, bazar sabitləşəcək. Çünki neft sektoru investisiyalar tələb edir. Keçən il neft sektoruna ən az investisiya qoyulmasının şahidi olduq. Bu olmasa, qiymət sözsüz yüksələcək. Heç bir proqnoz vermək istəmirəm. Ancaq bir barrel üçün 60-70 dolların şirkətlərə, investorlara, hökumətlərə əla qiymət olacağını düşünürəm və bunu gec-tez görməyə ümid edirəm.Ümidvaram ki, bu ilin ikinci yarısı sabitləşmə dövrü olacaq və biz artımı görəcəyik".  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol