Azərbaycanda Fətullah Gülən camaatı ilə bağlı gərginlik getdikcə yüksəlir. Məsələ ilə bağlı həm mediada, həm də sosial şəbəkələrdə qızğın müzakirələr gedir. Adı nurçuların siyahısında çəkilən şəxslərin and-amanla başlayıb məhkəmə təhdidləri ilə bitən açıqlamalarının fonunda gündəmə yeni informasiyalar daxil olur.
Hakimiyyət düşərgəsindəki nurçular haqqında Facebbok sosial şəbəkəsində yazan “İnci Azeri” martın 1-də daha bir status paylaşıb. “İnci Azeri” bu dəfə iddia edir ki, nurçuların himayəçisi rolunda çıxış edən Prezident Administrasiyasını şöbə müdiri Elnur Aslanov qaranlıq işlərinə görə möhkəm cəzalandırılıb: “Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov mediaya açıqlama verərək Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun dediklərini təkrarlayıb. Əslində dünən Fərhad Məmmədovun adı ilə dediyi sözləri bu gün öz adı ilə deyib. Görəsən dünən deyiləni bu gün yenidən təkrarlamağa nə səbəb olub? Hakimiyyət dairələrindən əldə etdiyimiz məlumata görə, Mahir Zeynalov olayı ilə bağlı ortaya çıxan yeni faktlar ölkə rəhbərliyinin diqqətini cəlb edib. Məsələ ilə bağlı Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanova ciddi təpki verilib və ona son xəbərdarlıq edilib. Elnur Aslanovdan tələb olunur ki, Fərhad Məmmədovun dili ilə anlaşılmaz açıqlamalar yox, öz adından bəyanat versin. Desin ki, onun nurçulara aidiyyatı var, yoxsa yox. Qaynaq onu da bildirib ki, xəbərdarlığa baxmayaraq Aslanovun aqibəti artıq həll olunub və yaxın zamanlarda onun siyasi karyerası finiş xəttinə çatacaq”.
“İnci Azeri” onu da iddia edir ki, bu haqda informasiyalar ictimailəşəndən sonra Elnur Aslanov və qrupu onların haqqında mediaya xəbər ötürən qaynağın axtarışına çıxıb: “Özlərinə rəqib hesab etdikləri hansısa mifik qrupları hədəfə alaraq dezinformasiya yaymağa çalışırlar. Amma artıq gecdir”.(musavat.com)


Şərhlər