“Azadlıq” radiosunun əməkdaşı, hazırda həbsdə olan Xədicə İsmayılovanın daha bir şikayəti üzrə Avropa Məhkəməsi kommunikasiya başlayıb.Bu barədə onun vəkili Fariz Namazlı məlumat yayıb. F.Namazlı bildirib ki, bu iş Media Hüquq İnstitutu tərəfindən aparılıb. Belə ki, 2012-ci ildə Xədicə İsmayılovaya qarşı başlayan qara piarlar çərçivəsində 06 noyabr 2012-ci ildə hökümətyönümlü və ondan asılı olan "Səs" qəzetində dərc edilmiş "Tarixi deputatxana" adlı məqalədə X. İsmayılovanın şərəf və ləyaqəti alçaldıldığına görə məhkəmə mübahisəsi başlanılıb və “Səs” qəzetindən üzr istənilməsi, eləcə də 50.000 manat mənəvi zərərə görə kompensasiya tələb olunub: “Ölkədaxili məhkəmələr X. İsmayılovanın şikayətini təmin etməyib və o, Avropa Məhkəməsinə müraciət edərək Avropa Konvensiyasının 6, 8 və 10-cu maddələrinin pozuntusunun tanınmasını xahiş edib. 07 yanvar 2016-cı ildə kommunikasiya başlayıb”.
F.Namazlı bidirib ki, Avropa Məhkəməsi aşağıdakı suallara cavab verilməsini xahiş edib: “1. Ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi həyata hörmət hüququ pozulubmu? 2. Ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı, xüsusən informasiya almaq və yaymaq hüququ pozulubmu? 3. Ərizəçi Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququna malik olubmu? 4. Tərəflər Səs qəzetində dərc olunmuş "Tarixi deputatxana" məqaləsini ingilis dilinə tərcümə etsinlər”.


Şərhlər