Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Rövşən Babayev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) Baş direktorunun səlahiyyətlərini icra edəcək.
Qeyd edək ki, Rövşən Babayevin artıq bir neçə gündür ki, Baş direktor olaraq fəaliyyətə başladığı bildirilir.
Xatırladaq ki, bir müddət əvvvəl “MTN işi” ilə bağlı Birliyin Baş direktoru Beytulla Hüseynov vəzifəsindən azad edilərək həbs edilib.Ötən ilin sonlarında, əvvəllər AzTelekomda çalışan Razi Tağıyev Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə yeni texniki direktor vəzifəsinə təyin edilmişdi. Bu günə qədər bu qurumun Baş direktorunun səlahiyyətlərini Razi Tağıyev icra edirdi.
Xeberler.az olaraq BTRİB-in yeni direktoru Rövşən Babayev ilə bağlı daha geniş məlumat əldə etməyə çalışsaq da, hələlik mümkün olmayıb.
Qeyd edək ki, Rövşən Babayevin təyinatı ilə bağlı rəsmi açıqlama yayılmayıb və nazirliyin rəsmi internet resurslarında bu haqda məlumat verilməyib.
BTRİB-in direktor müavini Xankişi Xankişiyevdir.
RYTN-nin tabeliyində ən böyük telekommunikasiya qurumlarından olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhəri ərazisində dövlət hakimiyyət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə bütün növ telefon, genişzolaqlı internet, radiorabitəsi, digər müasir telekommunikasiya və multiservis xidmətləri göstərir.
BTRİB-in strukturuna 7 Avtomat Telefon qovşağı, Bakı Kabel Qovşağı, Bakİnternet və AzEvroTel dövlət provaydreləri və digər rabitə qurumları daxildir.

Xeberler.az-ın məlumat verdiyi kimi, AzİnTelecom MMC ötən ilin iyul ayında RYTN tabeliyində fəaliyyət göstərən Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin təşkilati -hüquqi formasının dəyişdirilməsi ilə yaradılıb.
AzİnTelecm MMC-nin sabiq Baş direktoru Cəlil Cəfərov isə ““MTN işi” ilə bağlı hadisələrdən sonra mənimsəmə və israfetmə (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək həbs edilib.
Xeberler.az-ın məlumatına görə, Beynəlxalq Hesablaşma Mərkəzi (BƏHM) 1994-cü ildə Azərbaycanda rabitə sistemində beynəlxalq hesablaşmalar sahəsində respublikanın ilk müstəqil qurumu olaraq Aztelekom İB-nin tərkibində struktur vahidi kimi yaradılıb.
2004-cü ilin fevral ayında BƏHM yeni yaradılan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyinə keçirilmişdi. 2015-ci ildən AzİnTelecom MMC olaraq fəaliyyət göstərir.
Qurum əsasən Azərbaycan Respublikası ilə dünya ölkələri arasında mübadilə olunan beynəlxalq telefon, teleqraf, teleks, kanal istifadəsi və poçt rabitəsi xidmətləri üçün beynəlxalq operatorlarla müqavilələrin bağlanması və müqavilə üzrə dövlətlərarası qarşılıqlı hesablaşmaların aparılmasını təşkil edir.


Şərhlər