Eynulla Fətullayev: “Qiymət Mehdiyev özü deyir ki, bu faktları ailə dostları ötürüb... Demək ki...”
SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin ətrafında baş verən proseslər hələ də mətbuatın gündəmindədir. Həyat yoldaşının Bodrum bölgəsində 20 milyon dollarlıq 16 ədəd villa alması ilə bağlı fotofaktlara münasibət bildirən Q.Mehdiyev ilk növbədə fotolardakı qadının həyat yoldaşı olmadığını deyib: “Bəyan edirəm ki, bu məlumat yalandır və bunu mənə, ailəmə, işlədiyim təşkilatın işgüzar nüfuzuna zərbə vuran hərəkət kimi qiymətləndirirəm.
Mən 30 ildir ki, eyni təşkilatda çalışıram, həyat yoldaşım da interyer dizayn sahəsində mütəxəssisdir və bu sahədə uğurla fəaliyyət göstərir. Heç bir araşdırma aparmadan mənim və ailəmin haqqında yayılmış bu böhtan xarakterli məlumatların bizim konsitusion hüquqlarımızı pozduğunu bəyan edir, bu təhdidlərin məqsədli şəkildə aparıldığını bildirirəm. Hətta məqalədəki fotoda mənim həyat yoldaşım kimi qələmə verilən xanım həyat yoldaşım deyil. Tamamilə yad, bizə aidiyyəti olmayan şəxsdir. Mənim həyat yoldaşımın aldığı ev qeyd edilən ərazidəki çoxsaylı evlərdən yalnız birinin yarısı qədərdir. Bu həqiqət elə məqalədə göstərilmiş mülkiyyət sənədində də açıq formada qeyd edilib.

Bütün hallarda ortada çoxlu sayda suallar var. Çünki Q.Mehdiyev həyat yoldaşının Bodrumda bir ev aldığını təsdiqləsə də, ümumiyyətlə, fotodakı qadından imtina edir. Bu faktları yaxın bir ailə dostlarının yaydığını bildirərək digər tərəfdən də yazılanları dolayısı ilə təsdiqləyir.
Bəs indiki halda məsələnin araşdırılması hansı yöndə davam etməlidir? Məlum fotodakı qadının kimliyini necə müəyyənləşdirmək olar? SOCAR, hüquq-mühafizə orqanları, eləcə də bu faktı ilk yayan media orqanları onun izini davam edəcəkmi?

Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə açıqlamasında bildirib ki, yazının mətnindən və fotofaktlardan hadisənin Türkiyədə qeydə alındığı görünür. Müsahibimiz bu hadisənin araşdırılması ilə bağlı onlara hər hansı sorğunu daxil olmadığını, bu səbəbdən də onun Respublika Prokurorluğunun araşdırma predmeti olmadığını bildirdi: “Hazırda bununla bağlı heç bir araşdırma aparılmır”.


E.Fətullayev bu araşdırma çərçivəsində qarşı tərəfin mövqeyini niyə öyrənmədiklərini də açıqladı. Dedi ki, Azərbaycan reallığı şəraitində yaşayırıq və qarşı tərəfin fikrini öyrənməyə cəhd etsələr, şantajda ittiham olunacaqlarını bilirlər: “Bilirəm ki, müəyyən mənada jurnalistika prinsiplərini pozmuşam. Ona görə də qərara gəldim ki, sadəcə, sənədləri yayım. Bu insan etiraf edir ki, bu evin birini alıb. Hətta deyir ki, normal ailə ala bilər. Mən şəxsən özümü normal ailənin üzvü hesab edirəm. Amma bizim Bodrumda villamız yoxdur.
Biz hələlik rəsmi mövqe gözləyirik. SOCAR bəyan etmişdi ki, araşdıracaqlar. Mən düşünürəm ki, biz bunun nəticəsini gözləməliyik. Əlbəttə ki, burdan Bodruma səfər edib, yerində araşdırmaq byük zəhmət tələb etmir. Amma öncə SOCAR öz mövqeyini bildirsin. Hüquq-mühafizə orqanları sözünü deyəcək. Ondan sonra yenidən bu mövzuya qayıtmaq olar. Qiymət Mehdiyev özünü təkzib edir. Bir tərəfdən deyir ki, bu ev onun həyat yoldaşı tərəfindən alınıb. Digər tərəfdən deyir ki, fotodakı xanım həyat yoldaşı deyil. Məntiqi ardıcıllığın pozulduğunu oxucu da görür”.


Şərhlər