Milli Şura yanvarın 31-də Azərbaycan Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar anım mitinqi keçirib. Mitinq Rəsulzadənin doğulduğu Novxanı kəndində, böyük öndərin Bakıdakı yeganə abidəsi önündə olub.
Azadlıq.info xəbər verir ki, Milli Şura üzvləri və tərəfdarları, o cümlədən AXCP fəalları abidənin olduğu parka mərkəzi yoldan başlayaraq, yürüşlə gediblər. İzdihamlı yürüş boyu “Rəsulzadə-Elçibəy, başqa böyük yox!”, “Heykəli bircə kənddə, nüfuzu məmləkətdə!”, “İnsanlara hürriyət, millətlərə istiqlal!”, “Azadlıq!” kimi şüarlar səsləndirilib.
Mitinqin aparıcılığını AXCP Gənclər Komitəsinin sədri İlham Hüseyn edib.
Mitinqdə Milli Şura sədri Cəmil Həsənli və AXCP lideri Əli Kərimli çıxış edərək, Rəsulzadənin tarixdəki yüksək yeri, Azərbaycan dövlətinin qurulması, Sovet işğalından sonra isə onun bərpası uğrunda apardığı mücadilədən, ictimai-siyasi xadim kimi çoxşaxəli fəaliyyətindən, xalqımızın taleyində oynadığı əvəzsiz roldan bəhs ediblər.
itinqdən sonra Novxanı qəbristanlığında Rəsulzadənin doğmalarının məzarı ziyarət olunub.


Şərhlər