Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli vəkilləri vasitəsi ilə “Amerikanın səsi” radiosunun və “Turan” agentliyinin suallarını cavablandırıb.
2013-cü ilin dekabrında tutulan Anar Məmmədli vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur, Bakı İstintaq Təcridxanasında saxlanır.
- Anar bəy, səhhətiniz necədir? Sizə təcridxana şəraitində təzyiqlər, mənəvi təsirlər varmı?
- Hazırda səhhətim normaldır, hər hansı şikayətim yoxdur. Təcridxanada isə indiyədək heç bir təzyiqə məruz qalmamışam. Yeganə narahatlıq ölkədə və dünyada baş verən ictimai-siyasi proseslər barədə operativ və alternativ informasiya əldə etməyin çətinliyidir.
Təəssüf ki, Azərbaycan televiziyaları azadlıqda olduğum dövrdə olduğu kimi indi də informasiya əldə etmək ehtiyacını ödəmirlər. Qəzetləri isə dərc edildiyi gün deyil, ertəsi gün və ya xeyli gec alıram.
- İstintaq işləri necə gedir? Saxlanılandan sonra dindirmə, üzləşdirmə kimi istintaq hərəkətləri aparılırmı?
- Ötən müddətdə istintaqa təqsirləndirilən şəxs qismində ifadə verməmişəm. İndiyədək yalnız bir dəfə, ötən il oktyabrın 30-da şahid qismində ifadə vermişəm, bu günlərdə isə ilk dəfə dindirmə olub. İstintaqa Vergilər, Maliyyə nazirlikləri və QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertləri qismində cəlb olunmuş qrupun vergi yoxlama aktı ilə tanış oldum. Ancaq aktın surəti mənə verilmədiyindən özüm üçün bəzi qeydlər götürə bildim. Əfsus ki, bu, özümün müdafiə hüququmu təmin etmək üçün yetərli deyil.
Yoxlama aktı ilə tanışlıqdan sonra ilkin qənaətim budur ki, bu sənədi hazırlayan ekspertlər ya qeyri-kommersiya təşkilatları üzrə maliyyə hesabatlılığından məlumatsızdır, ya da sifariş əsasında çalışıblar. Aktla bağlı rəyimizi istintaqın sonunda bildirəcəyik. Hələlik yalnız onu qeyd edə bilərəm ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının təmsilçisi bu prosesə cəlb olunmalı deyildi. Çünki özünü milli donor hesab edən qurumun iş prinsipi və metodu mənim əməkdaşlıq etdiyim xarici donor təşkilatlardan fərqlənir və ortada maraqların toqquşması məsələsi var. İkincisi, bu qurumun müstəqilliyi hər zaman şübhə doğurub və belə bir şübhə SMDT-yə qarşı cinayət işinə əlavə edilən aktla bir daha təsdiqləndi.
- Sizə qarşı irəli sürülən ittihama münasibətiniz necədir? Bu ittihamlar nədən qaynaqlanır?
- Mənə və digər həmkarlarıma qarşı ittihamları əsassız və sifarişli hesab edirəm. İttihamların isə nədən qaynaqlandığını deyə bilmərəm. Bu, istintaq orqanının vəzifəsidir ki, ittihamların motivi və əsaslarını açıqlasın. Ümumiyyətlə, mən iddia olunan cinayətlərin törədilməsində təqsirsizliyimi sübuta yetirməyə borclu deyiləm. Mənə bəllidir ki, bu cinayət işinin arxasında siyasi sifariş durur və bu bizim 10 ildən artıq dövrdə seçki müşahidəçiliyi, siyasi azadlıqların müdafiəsi və vətəndaşların idarəetmədə iştirak imkanlarının artırılması yönündə çalışmalarımızla bağlıdır. Bizim qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olduğumuzu iddia edən varsa, həmin şəxsin məntiqi ilə maraqla tanış olmaq istərdim.
- Hüquqlarınızın ictimai müdafiəsi sahəsində aparılan işlərə münasibətiniz? Bundan artıq daha nə edilməlidir?
- Yerli və beynəlxalq ictimaiyyət bizə qarşı aparılan cinayət işinə, mənim həbsimə ilk gündən kəskin reaksiya verib. Fürsətdən istifadə edib yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarına, ictimai-siyasi fəallara, jurnalistlərə və digər həmkarlarıma göstərdikləri dəstək üçün təşəkkür edirəm. Nəzərə alsaq ki, hazırda ölkə həbsxanaları və təcridxanalarında siyasi motivlərlə həbs olunmuş xeyli şəxs var, mənim ictimai müdafiə ilə bağlı şikayətə heç bir əsasım yoxdur.
- Həbsiniz prezident seçkisində qanun pozuntuları ilə bağlı hesabatınızdan sonraya təsadüf edir. Sizcə, bu, həbsinizə səbəb ola bilərdimi?
- Təbii ki, həbsim, o cümlədən SMDT və onun əməkdaşlıq etdiyi Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinə qarşı başlanmış cinayət işi 9 oktyabr 2013-cü il prezident seçkisi ərəfəsi və sonrası fəaliyyətimizlə bağlıdır. SMDT-yə qarşı hakimiyyətin sərt münasibətinə iqtidarın uzun illər yerli seçki müşahidəçiliyinə yaratdığı hüquqi-siyasi məhdudiyyətlər səviyyəsində yanaşmaq gərəkdir. Hələ 2000-ci ildə Milli Məclis “QHT haqqında” qanunu qəbul edərkən bu sənədə xaricdən maliyyələşən QHT-lərin seçkilərdə müşahidəçilik fəaliyyətini əngəlləyən müddəa əlavə etdi. Sonradan bu müddəa ləğv edilsə də, siyasi məhdudiyyətlər və qadağalar aradan qaldırılmadı. Buna misal olaraq 2008-ci il mayın 14-də - həmin il keçirilən prezident seçkisinə 3 ay qalmış Seçki Monitorinq Mərkəzinin qeydiyyatının ləğvini xatırlada bilərəm.


Şərhlər