Menu

Türkiyənin keçmiş ordu komandanı həbsdən buraxıldı

07.03.2014, 19:47
Türkiyənin keçmiş ordu komandanı həbsdən buraxıldı

Bu dəqiqələrdə İstanbul 20-ci Ağır Cəza Məhkəməsi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğun azadlığa buraxılması haqda qərar çıxarıb.

Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verir ki, “Ergenekon” adı verilən terror təşkilatına rəhbərlik etməkdə ittiham olunaraq qurama ittihamlarla ömürlük həbsə məhkum edilmiş keçmiş ordu komandanı saxlanıldığı Silivri həbsxanasından yaxın saatlarda buraxılacaq.

Məhkəmənin qərarına əsasən İ.Başbuğun barəsində aparılmış istintaq və onun məhkəmə istintaqı müttəhimin hüquqlarının pozulması ilə müşayiət olunub. Bundan əvvəl Türkiyənin Konstitusiya Məhkəməsi İ.Başbuğ barədə çıxarılmış hökmün ləğvinə əsas verən qərar çıxarmışdı.

İlkər Başbuğ Türkiyə Silahlı Qüvvələrinin çoxsaylı mənsublarının həbs olunduğu “Balyoz” çevriliş iddiası ilə 2012-ci il, yanvarın 6-da həbs olunmuşdu.

Onun həbsi Türkiyənin polis və ədliyyə sisteminin Fətullah Gülənin adamlarının nəzarətinə keçməsindən sonra dünyəvi dövlət prinsiplərini qoruyan silahlı qüvvələri sıradan çıxarmaq üçün aparılan əməliyyatların bir hissəsi idi. Hansı ki, bu əməliyyatların keçirilməsini hazırda Fətullah Gülənin bir nömrəli düşməninə çevrilən baş nazir Rəcəb Tayyib Ərdoğan da dəstəkləyirdi.

İndi İ.Başbuğun həbsdən çıxdıqdan sonra sonrakı fəaliyyət istiqamətlərinin necə olacağı maraqla gözlənilir. Analitiklərə görə, İlkər Başbuğ bu ilin avqustunda keçiriləcək prezident seçkilərində güclü namizədlərdən biri ola bilərdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol