Xarici KİV-in məlumatına görə, ABŞ-ın sabiq dövlət katibi, hazırda prezidentliyə namizəd Hillari Klintonun Demokratlar Partiyasından olan müttəfiqləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd - seçkiqabağı mübarizənin lideri Donald Trampa qarşı mənəvi sui-qəsd hazırlayırlar. Burada baş rolda Hillarinin əri Bill Klinton və prezident Barak Obama çıxış edirlər. Bu barədə bazar ertəsi «Boston Globe» qəzeti xəbər yayıb (TASS).
Nəşrin məlumatına görə, sui-qəsd barədə fikirlər Cənubi Karolinadakı ilkin seçkilərdə və Nevada ştatında partiya fəallarının iclasında Trampın qətiyyətli qələbəsindən sonra ortaya çıxıb. Bu ştatlarda Tampın respublikaçı rəqibləri üzərindəki asan qələbəsi «ilk dəfə demokratları məcbur edib ki, noyabrda keçiriləcək ümumxalq səsverməsində Trampa uduzmamaq barədə məsələni müzakirəyə çıxartsınlar». Bu məqsədlə Hillari Klintonun tanınmış tərəfdarları silsilə görüşlər və telekonfranslar keçiriblər.
Xəbərə görə, bu istiqamətdə birləşdirici rolda sabiq prezident Bill Klinton çıxış edir. O, silahdaşlarını inandıra bilib ki, «kəskin çıxışlarına görə, meksikalılar, miqrantlar, müsəlmanlar və qadınlar Trampa səs verməyəcəklər» kimi ümidlərin heç bir əsası yoxdur. Klintonun fikrincə, milyarder elektoratın əhval-ruhiyyəsini «altıncı hissi» ilə tuta bilir. Odur ki, noyabr seçkilərində yalnız koordinasiya olunmuş kampaniyanın sayəsində qalib gəlmək mümkündür.
Qəzetin yazdığına görə, sui-qəsd ilkin mərhələdə Trampı ləkələyəcək «təbliğati videoroliklərin buraxılmasını» nəzərdə tutur. Roliklər Trampı fəhlə sinfini sevməyən, qadınlara nifrət edən, özünüidarəni asanlıqla itirən və nəinki Amerika xalqını, hətta dünyanı təhlükə qarşısında qoya biləcək birisi kimi təqdim edəcək.
AzPolitika.info


Şərhlər