Menu

"Yalvarıram, bizim ailəyə kömək edin!" - Qəbələdən Prezidentə müraciət

07.03.2016, 14:10
"Yalvarıram, bizim ailəyə kömək edin!" - Qəbələdən Prezidentə müraciət

Qəbələ rayonu Dızaxlı kənd sakini Abdurəhmanova Turanə Ağababa qızı Prezident İlham Əliyevə və millət vəkillərinə kömək üşün müraciət edib. Bir nüsxəsi "AzPolitika"ya daxil olmuş müraciəti təqdim edirik:

"Mən 18 ildir ki, ailə başçısını itirmişəm. Uzun illərdi 2 xəstə övladıma və gözdən əlil xəstə qaynanama baxıram. Heç bir yerdə işləmirəm, çünki yataq xəstəsi olan qaynanamı tək kimsəsiz qoyub işləyə bilmirəm. Ona məndən başqa baxan yoxdur.

Övladlarımın ikisi Mirzəyev Elvin Məzahir oğlu və Mirzəyeva Şəhanə Hepatit C xəstəliyindən əziyyət çəkirlər. Hər ikisi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadırlar. Xəstə övladlarımın müalicəsi üçün bankdan götürdüyüm krediti ödəyə bilmirəm.

Artıq onların təkrar müalicəsinin vaxtı ötüb, ancaq imkansızlıqdan xəstə övladlarımı müalicə etdirə bilmirəm. Evimizin dam örtüyü köhnə kirəmitdən olduğu üçün yağan yağış otaqlara damır.

Dəfələrlə Qəbələ Rayon İcra Hakimiyyəti başçısına müraciət etsəm də, bizim ailənin dərdinə kömək edən yoxdur. Çox acınacaqlı bir vəziyyətdə yaşayırıq. Artıq nə edəcəyimizi bilmirik, övladlarımı itirməkdən qorxuram.

Ona görə də ümidim Allaha və Sizlərədir. Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım Əliyeva, hörmətli millət vəkilləri, hörmətli Fəttah Heydərov, hörmətli nazirlər, hörmətli Kəmaləddin Heydərov, hörmətli din xadimləri, hörmətli insanlar, sizdən çox-çox xahiş edirəm, yalvarıram, and verirəm Allaha, imkan daxilində bizim ailəyə köməklik edin!

Gəlin baxın, görün hansı şəraitdə, hansı vəziyyətdə 3 ağır xəstə necə yaşayır, zülm, əzab-əziyyət çəkir. Hamınızı kasıb evimizə dəvət edirəm, gəlin baxın xahiş edirəm. Biz yaşamırıq zülm çəkirik. Sabah 8 Mart Beynəlxalq qadınlar günüdür. Bizim ailə isə bayram yox, matəm içindəyik, xahiş edirik bizə kömək edin".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol