Metro stansiyalarında köşklərin sökülməsinə qarşı aksiyalar davam edir
Aldığımız son məlumatlara görə, Metropoliten İdarəsinin qarşısında etiraz aksiyası keçirən ticarətçiləri polislər döyməyə və həbs etməyə başlayıblar. Həbs olunanların Yasamal rayonu 28-ci polis bölməsinə aparıldığı deyilir. Əməkdaşlarımız hadisə yerindən xəbər verir ki, polislər etirazçıları qəddarlıqla döyürlər.
-----
Bu gün metro tunellərinin giriş-çıxışında ticarətlə məşğul şəxslər yenidən aksiya keçirməyə cəhd göstəriblər.
"Elmlər Akademiyası" metrostansiyasının ətrafından toplaşmağa çalışan etirazçılar polis qüvvələri tərəfində uzaqlaşdırılıb. Polislərə Yasamal rayon Polis İdarəsinin rəisi rəhbərlik edib.
"Musavat.com"-un verdiyi xəbərə görə, etiraz edən ticarəçilərin Metropoliten rəhbərliyi ilə görüşdə olan nümayəndələrinə bildirilib ki, martın 27-nə qədər onların obyektlərinə toxunulmayacaq, ancaq ondan sonra obyektlərin tam əksəriyyəti söküləcək, yalnız suvenir satan köşklər saxlanılacaq.
Ticarətçilər isə əməkdaşımıza bildiriblər ki, günahın hamısı Tağı Əhmədovun "Qara Qarayev" stansiyasında rəis müavini işləyən qohumu Şövqidədir, məhz o, ticarətçilərdən külli miqdarda pul yığıb, indi də ortalıqda görünmür.
Xatırladaq ki, metro stansiyalarında ticarətin ləğv olunmasıyla bağlı Metropoliten İdarəsi ilə ticarətçilər arasında konflikt yaşanır.















Şərhlər