Ölkənin kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı ciddi problemlərin olduğu sirr deyil. Bu, daha çox kəndçinin imkansızlığı, torpaqların əkib-becərilməsi, məhsuldarlığın aşağı olması ilə bağlıdır. Ən əsas problemlərdən biri isə torpaqların suvarmasındakı çətinliklərdir. Təsadüfi deyil ki, Azərbaycanda suvarma sisteminin inkişafına dair xüsusi proqramın işlənib hazırlanması nəzərdə tutulur.
Ölkənin regionlarında suvarma sistemində ciddi problemlərin mövcud olması ölkə rəhbərliyinin keçirdiyi müşavirələrdə də əsas müzakirə mövzularından biri olub. Ölkə prezidenti dəfələrlə çıxışlarında müvafiq nazirlik və təşkilatlara Azərbaycanda müasir suvarma sistemlərinin qurulması üçün fermerlərə dövlət dəstəyinin verilməsini tapşırıb.
Müasir suvarma sistemləri arasında ən səmərəlisi isə damcı suvarma sistemi hesab olunur. Belə ki, bu suvarma sistemindən istifadə zamanı suya 2-2,5 dəfə qənaət olunur, həm də məhsuldarlıq 1,5-2 dəfə artır. Damcılama siteminin digər bir üstünlüyü budur ki, bitkiyə lazımı qədər su, gübrə verilir. Torpaqlarda su erroziyası baş vermir.
Bu baxımdan damcılama suvarma sistemindən ölkəmizdə tərəvəzçilikdə və meyvəçilikdə geniş istifadə olunması həm məhsuldarlığın yüksəlməsinə səbəb olar, həm də torpaqları erroziyadan qoruyar.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə damcılama suvarma sistemindən 1978-ci ildə istifadə edilib. Son illər isə bu sistem xeyli təkmilləşdirilib.

Damcılama sisteminin tətbiqi günün tələbi olsa da, xeyli xərc tələb edir. Bu sistemi qurmaq üçün hektara 1800-2000 manat civarında xərc çəkilməlidir. Bu da fermerlər üçün o qədər az məbləğ deyil. Məsələn, 100 hektar sahəsi olan orta səviyyəli bir bir fermer üçün damcılama sistemini qurmaq üçün təxminən 200 min manat vəsait lazımdır ki, bu da Azərbaycan reallığı üçün böyük rəqəmdir.
Bu səbəbdən damcılama sisteminin qurulmasında fermerlərə dövlət dəstəyinin verilməsi zəruridir. Əslində belə bir dəstəyin veriləcəyi də vəd olunub.
Belə ki, bu ilin yanvarında prezident İlham Əliyevin iştirakı ilə keçirilən Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatı naziri Heydər Əsədov çıxışında damcılama suvarma sisteminin qurulması üçün fermerlərə dəstək verəcəklərini vəd edib. Sitat: “Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq.”
Nazirin bu çıxışından 3 ay keçsə də, islasda fermerlərə suvarma sistemlərinin dəyərinin 40 faizinin dövlət tərəfindən ödənilməsinə dair verilən vəd yerinə yetirilməyib. Bunu “AzPolitika.info”ya müraciət edən fermerlərdən biri bildirib.
Fermer X.Əliyev təsərrüfatında damcılama suvarma sisteminin qurulması məqsədilə Kənd Təsərrüfatı Nazirliyindən yardım almaq istəsə də, hələlik bu istiqamətdə maliyyənin ayrılmadığı bildirilib. Halbuki, nazir çıxışında ilin əvvəlində müasir suvarma sistemlərinin dəyərinin 40 faizinin dövlət tərəfindən ödəniləcəyini bildirib.
Elə fermer də buna əsaslanaraq sual edir: nazir prezidentə doğru məlumat verməyib, yoxsa nazirlikdən onu aldadırlar?
Ümid edirik ki, bu suala Kənd Təssərrüffatı Nazirliyindən aydınlıq gətiriləcək.
E. İsmayıllı
AzPolitika.info


Şərhlər