Menu

Davudoğlu Avropanın ikiüzlülüyünü üzlərinə vurdu

19.03.2016, 00:02
Davudoğlu Avropanın ikiüzlülüyünü üzlərinə vurdu

Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Birliyi ilə Türkiyə arasında miqrantlarla bağlı razılığın əldə olunduğunu bəyan edib. ANS PRESS-in məlumatına görə, bunun tarixi bir gün olduğunu deyən baş nazir sazişin mart ayının 20-dən qüvvəyə minəcəyini bildirib.

"Bu gün əldə olunan razılaşma insan həyatı üçün mühüm rol oynayır. Əsasə məsələ budur ki, uşaqlar ölməsin, gənclər, yaşlılar Egey dənizində həyatlarını itirməsinlər. Suriya qaçqınlarının çarəsizliyindən istifadə edib insan alveri ilə məşğul olanların qarşısı alınmalıdır", - Davudoğlu deyib.

Razılıq əsasında ayrılan 3 milyard avronun Türkiyə üçün deyil, sadəcə suriyalılar üçün sərf ediləcəyini deyən baş nazir 2018-ci ilə qədər əlavə 3 milyard avronun da ayrılacağını ifadə edib.

Baş nazir Avropa Birliyinin ikili siyasət yürütdüyünü də Qərbin diqqətinə çatdırıb: "Terror harada baş verirsə versin birgə mübarizə çox önəmlidir və buna məcburuq. Terrorçu qruplaşmalar arasında ayrı-seçkilik etməməliyik. İŞİD və PKK eynidir, qurbanları da eynidir.

Avropa ilə birlikdə çalışsaq da o biri üzünü də hər zaman tənqid edəcəyik. Çünki doğru tərəfi belə tapa bilərik. Gəncləri, qadınları və uşaqlarında aralarında olduğu 35 dinc sakini Ankarada qətlə yetirmiş terror təşkilatının bayrağı ilə Brüsseldə etiraz aksiyası keçirdi.

Həmin qanlı terror aktının Brüsseldə baş verdiyini düşünün. Özünüzü mənim və prezident Ərdoğanın yerinə qoyun. Nə hiss edərdiniz? Biz başqalarının acılarına necə hörmət ediriksə, acılarımıza eləhörmət edilməsini gözləyirik", - baş nazir sərt çıxş edib.

Çexiyanın Avropa məsələləri üzrə naziri Tomas Prouza da Türkiyə və Avropa Birliyi arasında əldə olunan razılıq barədə “Twitter”dəki mikrobloqunda yazıb.

"Avropa Komissiyası Türkiyə ilə razılaşmaları dəstəklədi. Saziş bazar günündən etibarən qüvvəyə minir”, - Prouza bildirib.

Brüsseldə Avropa İttifaqı - Türkiyə sammiti keçirilir. Sammitdə miqrasiya böhranının nizamlanmasına dair birgə yekun planının təsdiqlənəcəyi gözlənilirdi.

Qeyd edək ki, bu planın əsas prinsipləri martın 7-də razılaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol