Türkiyəni kim çalxalayır?

Hüseynbala SƏLİMOV

Hələ söz-söhbət çox olacaq. Hərə bir söz deyir. Biri deyir ki, Rusiya Suriyadan birdəfəlik çıxmayıb, zəruri halda bu ölkədə döyüş əməlliyatlarını bərpa edə və aviazərbələr həyata keçirə bilər.

Başqa birisi ərz edir ki, Rusiya Suriyadan qalib kimi çıxdı. Üçüncü tərəf isə buyurur ki, Rusiyanın Suriyaya girişi nə qədər müəmmalı idisə, onun bu ölkədən çıxışı da bir o qədər qaranlıq və sirlidir...

Mənim diqqətimi isə daha çox başqa detal cəlb etdi. Rusiya Suriyaya müdaxilə edəndə rəyi soruşulan insanlar bu addımı necə müdafiə etmişdilərsə, o, Suriyadan çıxanda da bunu elə bir o qədər şövqlə dəstəklədilər.

Zənnimcə, bu, Rusiya mediasının və ölkədə azadlıqların vəziyyətinə kifayət qədər güzgü tuta bilər – insanlar düşünür ki, hakimiyyət nə erdirsə, düz edir...

Amma müəmmalar həqiqətən də böyükdür. Hələ bir müddət bir sual üzərində baş sındırmalı olacağıq: Rusiya döyüş meydanını tərk edir, yoxsa birdəfəlik oyundan çıxır?..

Bir şey aydındır ki, Rusiya Suriyaya müdaxilə etməsəydi B.Əsəd rejimi çoxdan çökmüşdü. O vaxt Əsəd tamam küncə sıxılmışdı. Birmənalı şəkildə demək olar ki, Rusiya Əsədi xilas etdi. Onunla hesablaşmağa, sülh və atəşkəs prosesinin tərəfi kimi onu da qəbul etdirməyə nail oldu.

İndi Cenevrə danışıqlarında Əsəd hakimiyyətinin təmsilçiləri başlıca tərəflərdən biri kimi iştirak edir. Amma bu, olmaya da bilərdi. İranın daha çox ideoloji və siyasi dəstəyini nəzərə almasaq, Əsədi müdafiə edən və bu adamı dialoq prosesinin komponenti kimi qəbul etmək istəyən yox idi – ABŞ tamam onun əleyhinə idi, Avropa qəbul etmirdi, Türkiyə onun dərhal rədd olub getməsini istəyirdi, Səudiyyə Ərəbistanı isə onu qatı cinayətkar və bağışlanması mümkün olmayan siyasi cani hesab edirdi...

Bu mənada Rusiya Əsəd üçün çox böyük iş gördü. Suriya prosesinin məğzini tamam dəyişdi. Onda bəs nə oldu? Niyə Rusiya onu ən həlledici məqamda, düz danışıqlar prosesi ərəfəsində tək qoydu? Bir ehtimal budur ki, Rusiyanın özünün Əsədlə dialoqu alınmadı.

Bu müxtəlif səbəblərdən ola bilərdi. Məsələn, kürd probleminə münasibət buna rəvac verə bilərdi. Moskva kürdlərə çox böyük dəstək verir və onların da Cenevrə prosesində iştirak etməsində israr edir.

Rusiya mediasında kürd məsələsi çoxdan daimi mövzulardan birinə çevrilib. Suriya kürdləri də faktiki olaraq muxtariyyatlarını elan ediblər. Onların əlində cəmləşən silahlara və yaraqlı kürdlərin sayına baxanda görürsən ki, de-yure muxtariyyat da uzaq gələcəyin hədəfi deyil.

Türkiyə isə çox gərgin anlar yaşayır. Terror aman vermir. Bir terrorun acısı-ağrısı sovuşmamış o birisi baş verir...

Hələ Rusiya ilə Türkiyə arasında gərginlik yaşananda V.Putin demişdi ki, onlar pomidorlarla canlarını qurtara bilməyəcəklər. Zənnimizcə, indi həmin hədənin acı nəticələrini müşahidə edirik. Kürd separatçıları ənənəvi olaraq Rusiyadan dəstək alıblar. Bu gün də bu dəstək davam edir. Çoxdan idi ki, belə gərginlik fazası müşahidə edilmirdi. Suriyadakı vətəndaş müharibəsi yenidən kürd separatçılarını yada saldı, onlar yaxşıca silahlandırıldılar...

Bir daha deyirik ki, bütün bunların arxasında böyük ehtimalla Rusiya dayanır. Elə digər ölkələr, xüsusən də ABŞ kürd məsələsinə münasibətdə birməanlı mövqe tutmur. Hərçənd ki, bu ölkənin siyasətçiləri Suriya kürdlərinin Rusiya ilə əməkdaşlığından gileylənir, suriyalı kürdlərin Rusiyanı seçməsindən azacıq narazlıq edirlər.

Düzdür, məsəl var, deyirlər ki, quyuya su tökməklə o, sulu olmur. Ona görə də demək ki, kürd məsələsi bu günün, dünənin işidir, bu, düzgün olmazdı. Kürdlər neçə illərdir ki, savaş aparırlar. Bu, indinin məsələsi deyil. Onlar hələ 1923-cü ildən bu tərəfə o vaxt verilmiş vədin (Lozanna prosesi!) həyata keçməsini tələb edirlər. Rusların kürd probleminə “marağ”ı isə hələ Yekatrina dövrlərinə gedib çıxır. Onlar həmişə Türkiyəni sarsıtmaq yollarını axtarıblar və bunun üçün müxtəlif millətləri, etnik qrupları gözaltı ediblər. Həmin siyasi “rıçaq”lardan biri də kürd məsələsi olub. Bu prosesin pik dövrü sovet vaxtlarına təsadüf etdi. Görünür, V.Putin də köhnə ənənləri yaşatmağa çalışır.

Düzdür, bu yolla Türkiyəni sarsıtmaq, onu nəyəsə məcbur etmək olmayacaq və nəticə etibarilə bütün bunlar faydasızdır. Amma daim terror xofu altında və qorxu içində yaşamaq insanları yorur...

Amma nə etmək olar? Bu dünyada hərə bir problem yaşayır – Türkiyə üçün də bu problem kürd separatçılarıdır...

(Musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar