Etibar Əliyev,
millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru
Prezident İlham Əliyev 20 iyul tarixində “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış nitqində qonaqların diqqətinə belə bir faktı çatdırdı: “Bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib”.
Fikrimcə, bu mötəbər Forumda Prezidentin çıxışı və verilən suallara cavabı ayrıca kitab şəklində çap olunmalıdır.
Barbarlar 20 faiz torpalarımızı işğal etdikdən sonra 1 milyon insanımız doğma evlərindən qovuldular. Qarabağımız haqqında filmlər, əsərlər üçün ən yaxşı mövzulardan biri evdir. Digəri isə uşaq mövzusudur. Erməni barbarlarının dağıtdığı hər bir ev haqqında mükəmməl əsər yaratmaq mümkündür. İnsan teleyi ədəbiyyatın əsas mövzusu olub və olacaqdır. Ev mövzusu sənət adamlarının müraciət etdiyi motivlərdə, süjetin axarında, dünya obrazında öz əksini tapmalıdır.
Əbəs deyildir ki, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qarsia Markesin əsərlərinin məkanı uşaqlıq illərini keçirdiyi evdir. Markesin uşaqlaqlıq illərini keçirdiyi Kolumbiyadakı evi dağıdılmamışdı, yandırılmamışdı. Bu mövzu bizim üçün daha ağırdır. Biz dilimizdə evə “ata yurdu” deyirik.
Professor Qorxmaz Quliyev esselərinin birində yazır: “Çoxmərtəbəli binalarda doğulanlar evdə yox, mənzildə dünyaya gəlirlər. Evin özülü torpağa dirənməlidir: uşaq yalnız birbaşa torpaqla təmasda dünyanın magiyası ilə, mifologiyası ilə əlaqəyə girir; çoxmərtəbəli evdə o yerlə göy arasındadır, yəni yerin də göyün də cazibəsindən məhrumdur.”
Barbarların vəhşicəsinə didərgin saldıqları insanlar evlərdə doğulmuşdular mənzillərə (yataqxanalara) köçdülər. Ev-iki nəslin, iki səcərənin görüş yeridir. Biz dünyaya gəlməzdən əvvəl anamız evə köçmüş, bu və ya digər dərəcədə evin içində öz ocağını qurmağa çalışmışdır. Bu iki nəslin nə şəkildə birləşməsi, uyuşması təkcə dünyaya göz açan körpənin taleyi deyil, onun dünyanı dərkinin xarakterini də müəyyən edir. Ermənilər minlərlə taleləri məhv etdilər.
Məcburən evlərini tərk edənlər ruhən evlərini tərk etmədilər. Biz işğaldan azad olunmuş şəhərlərimiz, rayonlarımıza, kəndlərimizə insanların qayıdışını görəndə bunun şahidi oluruq. Barbarlar evlərimizin daşını - daş üstə qoymamışdılar. İnsanlar hansısa bir nişanə ilə güclə evlərini tapırlar.
Evlərimizin tiklildiyi yerdə yenidən evlər tikilir: torpaq, təbiət sevinir.
Prezident İlham Əliyevin Qarabağımıza ayırdığı xüsusi diqqət sayəsində “ata yurd”larımıza qayıdırıq. Mənzillərdə dünyasını dəyişmiş qardaş və bacılarımızın övladları, nəvə və nəticələri doğma torpaqlarımızdakı evlərinə qayıdırlar. Bu əbədi qayıdışdır...
Dövlətimizin başçısı 2022-ci ilin 24 dekabrında- ad günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında tarixi bir nitq söylədi. Həmin nitqin sonuncu fikri bizləri daha da ruhlandırır: “Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar, İnşallah.”
Mən evimizi hələ də yuxuda görürəm. O evi ki, pəncərəsi Ağrı dağına açılırdı.

Şərhlər
İstinadçı filosofumuz nədənsə, (SSRİnı satan) M.S.Qorbaçovun məşhur * 2001ci ilə hər ailə ayrıca ev-mənzillə, 2010ci ildən isə hər yeni ailə ayrıca ev-mənzillə təmin edilməlidir!* şüarına istinad etməyib?