Menu

Çin Rusiyanın Uzaq Şərq bölgələrinə nüfuz edir

07.04.2016, 12:03
Çin Rusiyanın Uzaq Şərq bölgələrinə nüfuz edir

AzPolitika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, Çin bir sıra müəssisələrini Rusiyanın Uzaq Şərq bölgələrinə yerləşdirməyə hazırlaşır.

Bu müəssisələr tikinti sənayesi, metallurgiya, kimya sənayesi, energetika və iqtisadiyyatın digər sahələrinə aid zavodlardan ibarətdir. Bu barədə məlumatı Uzaq Şərqin inkişafı nazirliyi yayıb. Nazirlikdən bildiriblər ki, uyğun qərar hələ ötən ilin sonlarında verilib. Mənbə əlavə edib ki, bölgədə bu istiqamətdəki bütün fəaliyyət Rusiya Federasiyasının ekoloji qanunvericiliyinə ciddi şəkildə əməl olunmaqla həyata keçiriləcək.

Amma bu qərarla razılaşmayanların olduğu da bildirilir. Məsələn, Dövlət Dumasının liberal-demokrat partiyasından olan vitse-spikeri İqor Lebedyev iddia edir ki, bu qərar gələcəkdə hətta Rusiya ərazilərinin itirilməsi ilə nəticələnə bilər.

Ekoloqlar isə öz növbəsində, xəbərdarlıq edirlər ki, qərar əsasında Rusiyaya köhnəlmiş Çin avadanlıqları göndərilə bilər. İqtisadçılar isə əmindirlər ki, Uzaq Şərqdə Çin müəssisələrinin açılması Rusiya üçün sərfəli olacaq.

Xatırladaq ki, hələ ötən ilin əvvəlində «Zabaykalye» bölgəsinin bəzi rayonlarında istifadəsiz qalmış torpaqların uzun müddətə çinli iş adamlarına icarəyə verilməsi barədə qərarlar qəbul olunduğu barədə xəbər yayılmışdı. O zaman, yerli hakimiyyət nümayəndələri bu addımı belə əsaslandırırdılar: «Bizim məhsuldar torpaqlarımız var, amma onu əkib-becərməyə pulumuz yoxdur. Çinlilərin isə pulu var, torpağı yoxdur. Axı, bölgə əhalisini yedirtmək üçün nə isə etmək lazımdır...».

Yayılan digər xəbərlər də bölgəyə Çin kapitalının genişmiqyaslı «yürüşü» barədə dolğun təsəvvür yaradır. Bu da gələcəkdə Rusiya üçün ciddi problemlərin yaranması üçün bir başlanğıc ola bilər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol