Ucar rayonu Alpı kənd sakini Rüstəmov Səfər Mikayıl oğlu "AzPolitika.info" saytı vasitəsilə ölkə rəhbərliyinə, eləcə də kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib. Həmin müraciəti qısa ixtisar və zəruri redaktə ilə dərc edirik:
"Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyinin direktoru Mütəllim Tağıyevin qanunsuz əməlləri nəticəsində vətəndaşların hüquqları ciddi şəkildə pozulur, dövlət vəsaiti açıq-aşkar talan edilir.
Buna görə də, bu həyacan təbili çalan müraciətim başda Kənd Təsərrüfatı Nazirliyi olmaqla, aidiyyatı orqanlar tərəfindən ciddi araşdırlıb, təcili tədbirlər görülməlidir.
2014-cü il tarixdə "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyindən MTZ-1221 markalı traktoru, bir ədəd taxılsəpəni, bir ədəd kotan və bir ədəd qoşqunu aldım. Müqaviləyə əsasən, hər il taxıl sezonunda əldə edilən gəlirdən onlara pul ödəyəcəm. Belə də oldu. 2014-cü il tarixdə 3000 manat ödədim. 2015-ci il tarixdə iş az olduğu üçün 2250 manat ödədim, 740 manat borclu qaldım.
2015-ci ilin noyabr ayında "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyində fəhlə işləyən Həmidov Babək Yasəf oğlunun məndən aldığı izahatında göstərdim ki, qalıq borcum olan 740 manatı 2015-ci ilin dekabr ayının sonuna qədər ödəyəcəm. Traktoru tam saz vəziyyətdə qarajda saxladım. Traktorun açarları məndə olsa da, direktor Mütəllim Tağıyevin göstərişi ilə qanunsuz olaraq qapısını sındırıb başqa şəxsə - öz qohumu olan İlham adlı şəxsin istifadəsinə verdilər. Mən iki dəfə aparıb pul ödəsəm də, qəbul etmədi ki, bu traktoru öz qohumum sürəcək. Ödədiyin pul isə sənə qaytarılmayacaq. Bildirirəm ki, Mütəllim Tağıyev "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyini ailə podratı kimi işlədir.
Kooperasiya texnikumu diplomu olan qohumu ( kürəkəninin qardaşı) Nuriyev Fariz Vaqif oğlunu özünə müavin təyin edib, digər qohumu Yasəf Həmidov mühasib işləyir. Onun oğlu Babəkin adı fəhlə kimi qeydə alınsa da, sənədləşmə işlərini aparır, hansı ki, məndən də izahatı o aldı. Ehtiyat hissələri anbarında külli miqdarda dövlət vəsaiti talan edilib. İdarənin həyətində sovet dönəmindən qalmış dəmir yolu deposuna gedən dəmir yolu reysləri və bir ədəd teplovozu doğratdırıb metal şəklində satdırıb ki, bu cinayət əməlidir.
Mənim adıma sənədləşdirilən qoşqu heç vaxt məndə olmayıb, Mütəllim Tağıyev tərəfindən başqa idarələrə icarəyə verilib, əldə olunan gəliri mənimsəyib. Qeyd edim ki, atam Mikayıl Rüstəmov da "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyindən bir ədəd kombayn götürüb ki, artıq onu da Mütəllim Tağıyev əlindən almaq istəyir. Belə olsa bizim ailə acından məhv olacaq.
Ümumiyyətlə, Mütəllim Tağıyev qohumbazlıqla, talançılıqla Kənd Təsərrüfatına ciddi ziyanlar vurmuşdur ki, bu faktlar ciddi araşdırılmalıdır. Mütəllim Tağıyevin qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm.
Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm ki, "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyinin direktoru Mütəllim Tağıyevin qanunsuz əməllərini yerində obyektiv araşdırıb, onun barəsində ciddi tədbirlər görəsiniz".
P.S. Müraciətdə adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.







Şərhlər