"Ermənistan silahlı qüvvələri qeyd-şərtsiz dərhal Azərbaycanın işğal edilən torpaqlarını azad etməlidir". ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu deyib. O, Türkiyədə təhsil alan bir qrup azərbaycanlı tələbə ilə birlikdə Azərbaycanın Ankaradakı səfirliyini ziyarət edib.
Baş müşavir son Qarabağ savaşlarında həlak olan şəhidlərlə bağlı olaraq başsağlığı verib. "Buradan bütün dünyaya bir daha hayqırırıq - Azərbaycan və Türkiyədə yaşayanlar çiyin-çiyinə verən qardaşlardır. Buna görə bir qardaşın əlinə tikan batanda digəri ürəyində bu ağrını hiss edər. Azərbaycanda bir hadisə olarsa, biz də bunu ürəyimizdə hiss edirik. Azərbaycan da eyni hissləri keçirir. Bunun ən gözəl örnəyi Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfəridir. Hər iki dövlət başçısının qardaşca qucaqlaşması dosta, düşmənə verilən önəmli bir mesajdır".
Topçunun sözlərinə görə, türk dünyası əməldə, işdə, dildə bir olarsa, İslam dünyasına təhlükəsizlik, azadlıq və rifah gələcək.
Azərbaycan səfiri F.Bağırov da bu ziyarətə görə təşəkkür edib. O deyib ki, son hadisələr iki ölkənin qardaşlığının, dostluğunun dünyada bir örnək olduğunu göstərib. "Son aylar ərzində bu hadisənin bir daha şahidi olduq. Mustafa Kamal Atatürkün dediyi kimi, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir".


Şərhlər